İPL: “Mançester Yunayted” uğursuz startı unutdurmağa çalışacaq, “Arsenal”ın Birmingem səfəri - İDMAN.BİZ-in İCMALI

29 Avqust 2026 11:54
109
İPL: “Mançester Yunayted” uğursuz startı unutdurmağa çalışacaq, “Arsenal”ın Birmingem səfəri - İDMAN.BİZ-in İCMALI

İngiltərə Premyer Liqasında(İPL) 2026/27 mövsümünün ikinci turuna start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyunu artıq baş tutub.

“Mançester Siti” səfərdə “Kristal Pelas”ı 4:1 hesabı ilə darmadağın edib. Qaliblərin heyətində Erlinq Haaland və Rayan Şerki dubl edib. Bununla da Enso Mareskanın komandası iki turdan sonra maksimum altı xal toplayıb.

“Mançester Yunayted” – “İpsviç”

“Mançester Yunayted” üçün yeni çempionatın ilk ev oyunu xüsusi əhəmiyyət daşıyır. Maykl Kerrikin komandası mövsümə gözlənilmədən elitaya qayıdan “Hall Siti”yə 0:2 hesablı məğlubiyyətlə başlayıb. “İpsviç” isə əksinə, Premyer Liqaya qayıdışını qələbə ilə qeyd edib. Komanda öz meydanında “Sanderlend”i Cek Klarkın 90-cı dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib.

Görüş öncəsi mankunianların heyətində problemlər var. “Brayton”dan transfer olunan Karlos Baleba topuq nahiyəsindəki zədə səbəbindən təxminən iki-üç həftə sıradan çıxıb və “İpsviç”ə qarşı oynamayacaq. Meyson Maunt artıq məşqlərə qayıdıb, Amad Diallo isə hələ də komandaya kömək edə bilmir. “Yunayted” üçün bu qarşılaşma “Hall Siti”yə qarşı uğursuzluqdan sonra azarkeşləri qarşısında özünü doğrultmaq üçün ilk imkan olacaq.

“İpsviç” isə heyətini gücləndirməkdə davam edir. Premyer Liqanın yeni iştirakçısı cümə axşamı “Bayer”dən Argentina millisinin yarımmüdafiəçisi, 2022-ci il dünya çempionu Esekyel Palasiosun transferini rəsmiləşdirib.

Xatırladaq ki, “Yunayted” ölkə çempionu “Sabah”ın turnirin əsas mərhələsindəki rəqiblərindən biridir. UEFA-nın püşkatmasına əsasən, Bakı klubu “Yunayted”lə səfərdə qarşılaşacaq.

“Aston Villa” – “Arsenal”

Məhz bu qarşılaşmanı ikinci turun mərkəzi oyunu hesab etmək olar. “Sabah”ın da qarşılaşacağı “Arsenal” çempionluq titulunun müdafiəsinə liqanın debütantı “Koventri” üzərində inamlı ev qələbəsi ilə başlayıb – 3:0. “Aston Villa”nın startı isə tamamilə fərqli alınıb. Unay Emerinin komandası səfərdə “Brayton”a 0:4 hesabı ilə darmadağın olub. Üstəlik, Birmingem təmsilçisi hər dörd qolu artıq 31-ci dəqiqəyə qədər buraxıb.

“Villa” heyətində ciddi yenidənqurma prosesi gedir. Klub məhz bir gün əvvəl “Çelsi”dən Seneqal millisinin hücumçusu Nikolas Ceksonu transfer etdiyini açıqlayıb. Yeni transfer yayda baş tutan bir sıra səs-küylü ayrılıqlardan, o cümlədən Morqan Rocerslə yolların ayrılmasından sonra hücumu gücləndirməli olacaq. Ollie Uotkins isə karyerasını “Əl-Hilal”da davam etdirməyə hazırlaşır.

“Arsenal”da isə bazar ertəsinə qədər iki yay transferinin – Bruno Gimarayeş və Ezri Konsanın – meydana çıxmasına icazə verilə bilər. Braziliyalı futbolçu kiçik zədə səbəbindən ilk turu buraxıb, lakin artıq məşqlərə qayıdıb. Konsa üçün isə bu qarşılaşma xüsusi əhəmiyyət daşıyır. Çünki müdafiəçi məhz bu yay “Aston Villa”dan London klubuna keçib.

Bununla belə, son illərdə “Villa Park”a səfərlər londonlular üçün heç də asan keçmir. Birmingem klubunun 2019-cu ildə Premyer Liqaya qayıtmasından sonra “Aston Villa” çempionat çərçivəsində “Arsenal”a qarşı evdə keçirdiyi yeddi oyunun dördündə qalib gəlib. Buraya ötən mövsümdəki 2:1 hesablı qələbə də daxildir. İndi isə İngiltərə çempionu Emerinin xeyli yenilənmiş komandasının qarşısında sınaqdan keçəcək.

İPL-in 2-ci turunun təqvimi

Vaxt Bakı saatı ilə göstərilib

28 avqust

“Kristal Pelas” – “Mançester Siti” – 1:4

29 avqust

“Liverpul” – “Nottingem Forest” (15:30)

“Bornmut” – “Everton” (18:00)

“Koventri” – “Hall Siti” (18:00)

“Tottenhem” – “Nyukasl” (20:30)

30 avqust

“Çelsi” – “Brayton” (17:00)

“Lids” – “Brentford” (17:00)

“Sanderlend” – “Fulhem” (17:00)

“Mançester Yunayted” – “İpsviç” (19:30)

31 avqust

“Aston Villa” – “Arsenal” (23:00)

1-ci turdan sonra turnir cədvəli

“Mançester Siti” – 6

“Brayton” – 3

“Arsenal” – 3

“Brentford” – 3

“Everton” – 3

“Hall Siti” – 3

“Çelsi” – 3

“İpsviç” – 3

“Lids” – 3

“Liverpul” – 1

“Nyukasl” – 1

“Fulhem” – 0

“Bornmut” – 0

“Sanderlend” – 0

“Nottingem Forest” – 0

“Mançester Yunayted” – 0

“Koventri” – 0

“Tottenhem” – 0

“Aston Villa” – 0

“Kristal Pelas” – 0

İdman.Biz