“Mançester Siti” “Real Madrid”in sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldla maraqlanır.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, futbolçunun Madrid klubundakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda “şəhərlilər” transfer imkanlarını araşdırır.
Məlumata görə, ingilis futbolçu “kral klubu”nda heyətdə yer uğrunda mübarizə aparmaqda qərarlıdır. Bununla belə, klub daxilində onun debüt mövsümünün gedişatı müəyyən məyusluq doğurur.
Mənbə bildirir ki, vasitəçilər “Mançester Siti” ilə ilkin danışıqlar aparıblar. Yay transfer pəncərəsi ərəfəsində sağ cinah müdafiəçisi axtaran İngiltərə təmsilçisi Aleksander-Arnoldun mümkün keçidi üçün ciddi məbləğ ödəməli olacaq.
Qeyd edək ki, Trent Aleksander-Arnold ötən yay “Real Madrid”ə transfer olunub. Bu müddət ərzində o, bütün turnirlərdə 16 oyuna çıxaraq üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, müdafiəçinin bazar dəyəri 70 milyon avro (təxminən 138 milyon AZN) təşkil edir.
