Azərbaycan Premyer Liqasının birinci turundan təxirə salınmış oyunda “Sabah”ın “Qarabağ”a qalib gəlməsi ölkə mətbuatında böyük maraq doğurub. Bu nəticə turnir cədvəlində liderin dəyişməsinə səbəb olub və hazırda paytaxt klubu (“Sabah”) birinci pillədə qərarlaşıb.
Oyunla bağlı fikirlərini öyrənmək üçün İdman.Biz “Sabah”ın idman direktoru, olimpiya çempionu İqor Ponomaryova müraciət edib.
“Hazırda İsveçdəyəm, köhnə “futbol yaralarımı” müalicə etdirirəm, buna görə oyunu Bakıda izləyə bilmədim. Amma televiziya vasitəsilə baxdım və uşaqlarımız adına çox sevindim. Hesab oyunun gedişinə uyğun idi və qələbə tam layiqli alındı. Hətta futbolçularımız yaratdıqları bir neçə yüzfaizlik epizodu dəyərləndirsəydilər, hesab daha da böyük ola bilərdi. “Sabah” oyunçuları çoxlu ikili mübarizə qazandı, “Qarabağ”ın futbolçularına genişlik vermədi. Sevindirici haldır ki, komanda hər oyunda daha inamlı təsir bağışlayır. İndi sadəcə çempionatın əvvəlindən etdiyimizin davamını gətirməliyik - xal toplamaq, meydana çıxıb qalib gəlmək və başqa heç nə düşünməmək”, - deyə İ. İqor Ponomaryov bildirib.
Qeyd edək ki, “Sabah” artıq ardıcıl 13 turdur məğlubiyyət üzü görmür.
