FIFA-nın ilin ən yaxşı futbolçusu sorğusunda Azərbaycan nümayəndələrinin necə səs verdiyi məlum olub.
İdman.Biz xəbər verir ki, səsvermədə milli komandanın baş məşqçisi Ayxan Abbasov, komandanın kapitanı Emin Mahmudov və jurnalist Rasim Movsumov iştirak ediblər.
Qeyd edək ki, qaydalara əsasən, hər iştirakçı hər nominasiyada üç seçim edir və onlara 5, 3 və 1 xal verir.
“2025-ci ilin ən yaxşı futbolçusu” nominasiyasında Ayxan Abbasov beş xalı Əşrəf Hakimiyə, üç xalı Kilian Mbappeyə, bir xalı isə Məhəmməd Salaha verib. “2025-ci ilin ən yaxşı məşqçisi” nominasiyasında o, birinci yerə Luis Enrikeni layiq görüb, daha sonra Arne Slot və Mikel Arteta yer alıblar. Qapıçılar arasında isə Abbasov müvafiq olaraq Canluici Donnarummanı, Manuel Noyeri və Yan Zommeri seçib.
Emin Mahmudov maksimum xalı Kilian Mbappeyə, üç xalı Usman Dembeleyə, bir xalı isə Lamin Yamala verib. Milli komandanın kapitanı ən yaxşı məşqçi kimi Luis Enrikeni göstərib, daha sonra Enzo Mareska və Arne Slotu seçib. Qapıçı səsverməsində isə o, Canluici Donnarummanı, Tibo Kurtuanı və Alisson Bekkeri fərqləndirib.
Rasim Movsumov birinci yerə Usman Dembeleni, daha sonra Lamin Yamalı və Əşrəf Hakimini yerləşdirib. Məşqçilər nominasiyasında o, Luis Enrike, Enzo Mareska və Mikel Artetaya üstünlük verib. Qapıçılar arasında isə jurnalist Canluici Donnarummanı, David Rayanı və Emiliano Martinesi seçib.
Xatırladaq ki, ümumi səsvermənin nəticələrinə əsasən ilin futbolçusu Usman Dembele, ən yaxşı baş məşqçi Luis Enrike, ilin qapıçısı isə Canluici Donnarumma seçilib.
