“Bavariya”nın hücumçusu Harri Keyn fərdi rekordların deyil, böyük titulların “Qızıl top” üçün həlledici rol oynadığını bildirib.
İdman.Biz xəbər verir ki, forvard “Reuters”ə müsahibəsində mövsüm ərzində qeydə alınan şəxsi göstəricilərin kifayət etmədiyini vurğulayıb.
Harri Keyn deyib ki, mövsüm ərzində yüz qol vursa belə, Çempionlar Liqasını və ya Dünya çempionatını qazanmadığı halda “Qızıl top” real deyil. O əlavə edib ki, bu prinsip təkcə onun üçün deyil, Erlinq Holand da daxil olmaqla bütün futbolçular üçün keçərlidir.
“Dünya futbolunda ən nüfuzlu fərdi mükafatı qazanmaq üçün böyük titullara sahib olmaq əsas meyardır və şəxsi göstəricilər həmin uğurlar ilə tamamlanmalıdır”, - deyə Keyn vurğulayıb.
Qeyd edək ki, Harri Keyn hazırda Almaniyanın “Bavariya” klubunda çıxış edir və yüksək məhsuldarlığı ilə diqqət çəkir. O, “Qızıl top”u qazanmağa real namizədlər sıralamasında üçüncü pillədə qərarlaşıb.
