“Mənə sərt müdaxiləyə görə qırmızı verildiyi deyildi. Əgər belə qərar verilibsə, başqa nəsə deyə bilmərəm”.
Bunu “Kəpəz”in qapıçısı Məmməd Hüseynov futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Ötən tur “Şamaxı” üzərindəki qələbədən sonra hamı “İmişli”yə qarşı daha uğurlu çıxış edəcəyinizi gözləyirdi. Amma…
– Hər oyuna qələbə üçün çıxırıq. 0:3 hesablı məğlubiyyət gözlənilməz oldu. Amma bu futboldur və gözlənilməz hadisələr oyunu bu yerə gətirib çıxardı.
– Qırmızı vərəqə aldığın epizod çox müzakirə olundu. Həmin epizodla bağlı nə deyə bilərsən? Səncə, hakim “qırmızı”nı ləğv etməli idi?
– Epizod zamanı, hələ toqquşmadan əvvəl qapıdan çıxıb qaçarkən təəssüf ki, sol baldır əzələm yırtıldı. Əzələm yırtıldıqdan sonra kəskin ağrının təsiri altında və anlıq zaman ərzində kontrolu tamamilə itirdim. Nə özümü dayandıra, nə də topa yetişib düzgün müdaxilə edə bildim. Nəticədə belə bir vəziyyət yarandı.
– Hakimin həmin epizodla bağlı verdiyi qərarlardan narazı deyilsiniz? Çünki sonradan oyundankənar vəziyyət olduğu ortaya çıxdı.
– Hakim qərarları haqqında danışmaq istəmirəm. Sadəcə mənə sərt müdaxiləyə görə qırmızı verildiyi deyildi. Əgər belə qərar verilibsə, başqa nəsə deyə bilmərəm.
– Oyundan sonra “Instagram”da paylaşım etmişdin. Zədələdiyin Vüsal Qənbərovla danışdın və yanına getdin?
– Vüsal Qənbərovla aramızda dostluq əlaqələri var. Əlaqə saxlayıram, danışırıq. Öz zədəmlə bağlı yanına getmək qismət olmayıb. Hələ ki, doğru-düzgün gəzə bilmirəm. Tez bir zamanda yanına gedəcəm.
– “Kəpəz”in durumu barədə nə düşünürsən? Komanda vəziyyəti dəyişə biləcək?
– Bu klubda olan hər kəs - istər rəhbərlik, istər məşqçilər, istər biz futbolçular buna inanırıq. İnşallah, hər şey bizim üçün yaxşı olacaq.
