Dani Kintana: “Artıq “Qarabağ” üçün heç nə sürpriz sayılmır” - MÜSAHİBƏ

Müsahibə
22 Oktyabr 2025 10:57
49
Dani Kintana: “Artıq “Qarabağ” üçün heç nə sürpriz sayılmır” - MÜSAHİBƏ

"Bu, böyük oyundur. Əgər qarşılaşma Bakıda olsaydı, hekayə tamam fərqli ola bilərdi. “San Mames”də təzyiq çox yüksəkdir".

Bunu Ağdam klubunda beş il çıxış etmiş ispaniyalı futbolçusu Dani Kintana Teleqraf-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Sabiq klubunuz “Qarabağ” bu gün “Atletik”lə qarşılaşacaq. Qarşılaşmadan gözləntiləriniz nələrdir?

– “Qarabağ üçün çətin oyun olacaq. Artıq onlar üçün heç nə sürpriz sayılmır. “San Mames” isə İspaniyanın ən güclü komandaları üçün belə çətin stadiondur. Hər şey mümkündür, amma xal qazanmaq üçün çox çalışmalı olacaqlar.

– Bilbaodakı futbol atmosferini necə təqdim edərdiniz?

– Bilbaoda atmosfer möhtəşəmdir. İspaniyada ən yaxşılarından biridir. Bu, "Qarabağ" futbolçuları üçün zövq almalı olduqları və eyni zamanda müsbət nəticə gətirməyə çalışmalı bir oyundur.

– “Atletik”in baş məşqçisi yerli mediaya açıqlamasında Azərbaycan təmsilçisinə qalib gələcəklərini bildirib. Siz bu fikrə necə yanaşırsınız?

– Məncə, baş məşqçi fikirləşdiklərini deməli və buna inanmalıdır. Amma əminəm ki, o da bilir ki, bu, onlar üçün də çətin oyun olacaq.

– Sizcə, hər iki komandanın güclü və zəif tərəfləri nələrdir?

– “Atletik, xüsusilə ev oyunlarında çox güclü komandadır. "Qarabağ" isə illərdir eyni məşqçi heyəti ilə çalışır, hər futbolçu nə etməli olduğunu və necə oynamalı olduğunu çox yaxşı bilir.

– Bu matç öncəsi sizə “Qarabağ” və ya “Atletik” barədə suallar verilibmi?

– Sadəcə jurnalistlər maraqlanırlar. İspaniyada hamı Bakıda keçirdiyim dönəmlə maraqlanır. Mən də məmnuniyyətlə onlara Azərbaycanda və "Qarabağ"da nə qədər xoşbəxt olduğumu danışıram.

– Oyunu stadiondan izləməyi planlaşdırırsınız? Həmçinin, sabiq komandanızdan kimlərlə görüşmək istərdiniz?

– Bu oyunu izləyə bilməyəcəyəm, çünki məzuniyyətdəyəm. Amma "Qarabağ"ın Neapolda "Napoli" ilə keçirəcəyi matça baxmağa gedəcəyəm.

– Hələ də “Qarabağ”dakı kimsə ilə əlaqə saxlayırsınız? Qurban Qurbanovla danışmısınız?

– Bəzən qapıçı Şahrudinlə danışıram, Zubirin “Instagram” paylaşımlarına şərh yazıram. Qurban müəllimlə birbaşa danışmamışam. Amma ona və komandaya təbriklərimi tərcüməçi Elvar Quliyev (tərcüməçi-red) vasitəsilə çatdırmışam.

– Sizcə, “Atletik” evdə oynamaqla nə kimi üstünlüklərə sahibdir?

– Bu, böyük oyundur. Əgər qarşılaşma Bakıda olsaydı, hekayə tamam fərqli ola bilərdi. “San Mames”də təzyiq çox yüksəkdir.

– "Köhlən atlar"ın son oyunlarını izləmisiniz?

– “Kopenhagen"lə oyunu izləmişdim. Mənim üçün ən yaxşı futbolçu Zubirdir. Mən orada olanda da (Miçellə birlikdə) o, ən yaxşı idi. Amma yeni futbolçulardan danışmalı olsam, Marko Yankoviç və Leandro Andrade mənim sevimlilərimdir. “Atletik”dən isə Uilyams qardaşları çox təhlükəlidirlər, xüsusilə Nikonu qeyd edərdim.

– “Qarabağ”ın son illərdə Avropa turnirlərindəki çıxışlarını necə qiymətləndirirsiniz?

– Hazırda vəziyyətləri çox yaxşıdır. Uğurun açarı stabillikdir. Təcrübə də belə oyunlarda kömək edir, futbolçular üçün bu cür görüşləri normal qəbul etmək asanlaşır.

– “Atletik”in oyun üslubunu digər İspaniya komandaları ilə necə müqayisə edərdiniz?

– Onlar fiziki cəhətdən çox güclü komandadır. Azərbaycan futbolunu izləmək asan deyil, amma hiss edirəm ki, "Qarabağ" ildən-ilə daha da güclənir və çempionluğu getdikcə daha asan qazanır. Bu, "Qarabağ"dakı hər bir futbolçu üçün özünü dünyanın ən böyük futbol səhnəsində göstərmək imkanıdır. Məncə, onlar bunu çox yaxşı bacarırlar.

– “Qarabağ” azarkeşlərinə mesajınız nədir?

– “Qarabağ belə azarkeşlərə sahib olduğu üçün şanslıdır. Bu münasibət qarşılıqlıdır, azarkeşlər də belə güclü komandaya sahib olduqları üçün şanslıdırlar. Mən klubun tarixinin kiçik bir hissəsi olduğum üçün çox sevinirəm. Buna görə kluba minnətdaram.

İdman.Biz