PFL-in sabiq prezidenti: “Qurban Qurbanovun özünə kömək lazımdır” - MÜSAHİBƏ

Müsahibə
2 Oktyabr 2025 14:35
42
PFL-in sabiq prezidenti: “Qurban Qurbanovun özünə kömək lazımdır” - MÜSAHİBƏ

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunda Danimarka təmsilçisi “Kopenhagen”i məğlub etməklə Azərbaycan futbolu tarixində yeni ilkə imza atdı.

Matçdan sonra Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti, 2004-2008-ci illərdə “Neftçi” klubunun vitse-prezidenti vəzifəsində çalışan Ramin Musayev “Teleqraf”ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində ardıcıl ikinci qələbə qazanmasını necə dəyərləndirirsiz?

- Təbrik edirəm, lazım olan möhtəşəm qələbəni əldə etdilər. Buna bir möcüzə də demək olar. Çünki futbolda bəzən elə hadisələr baş verir ki, zəif komanda güclüyə qalib gəlir.

Qarşıda güclü rəqiblərə qarşı oyunlar gözlənilir. Onların arasında “Qarabağ”ın məğlub edə biləcəyi komanda da var. Düşünürəm ki, ötən iki oyun Ağdam təmsilçisi üçün böyük təcrübə olacaq. Növbəti matçlarda uğurlar arzu edirəm.

- Rəqiblərin əksəriyyəti Azərbaycanda futbolun səviyyəsinin yüksək olmadığını dilə gətirərək “Qarabağ”a yuxarıdan aşağı baxırlar. Hətta belə deyim var ki, “Qarabağ” Azərbaycan çempionatından ayrı səviyyədir...

- Düzdür, digər komandalarla müqayisədə fərq var. Ancaq bu gün üçün elə düşünmürəm. Çünki yerli komandalardan, məsələn, “Turan Tovuz”, “Sabah” və digərləri Azərbaycan çempionatında öz sözünü deyirlər. Düşünmürəm ki, Azərbaycan Premyer Liqası zəifdir. Rəqiblər elə fikirləşə və ya deyə bilərlər.

Guya digər ölkələrin Premyer Liqasında 12-14 komanda varsa, hamısı eyni səviyyədə olur?! Hər yerdə bizim kimidir. Qonşu Gürcüstanda, Türkiyədə də 2-3 güclü komanda var. Ona görə də belə düşüncələr prosesə heç bir təsir göstərməz. Qoy, elə fikirləşsinlər. Əksinə, bu bizə sərf edir. Çünki rəqib qarşıdakı komandaya zəif baxanda, oyunu alınmır.

- Azərbaycanın UEFA-da xal toplayan, ölkəyə əmsal gətirən komandası “Qarabağ”dır. Bu nə vaxta qədər belə davam edəcək?

- Legioner limitinin aradan qaldırılması klublara şərait yaratdı ki, kimin imkanı var, legioner götürsün. Bu, artıq komandaların öz əlindədir. Normal pul xərcləsələr, futbolçulara dəyərində qiymət versələr, daha güclü ola bilərlər.

- Deməli, hər şey pula, maddi gücə bağlıdır?

- Pulsuz uğur əldə eləmək mümkün deyil. Amma pulla birlikdə halallıq, təmizlik də olmalıdır. Harada qara fikirlər varsa, orada iş getməyəcək.

- Qurban Qurbanov stabilliyin önəmli olduğunu deyir. Pulu olub, stabilliyi qorumağa çalışsa da, nəticə əldə edə bilməyən klublar nə etsin?

- “Neftçi”ni götürək. 5 il ardıcıl çempion olduqları vaxtlar vardı. Demək, uğur təkcə puldan asılı deyil, orada çalışanlardan da asılıdır. “Neftçi”də rəhbər çoxdur. Düşünürəm ki, bu, yanlışlıqdır. İdarə edən bir nəfər olmalıdır. "Neftçi"də 5-6 nəfərdir... Kənardan təzyiqlər də var. Ona görə işlər getmir.

Necə olur ki, “Şamaxı”da, “Araz-Naxçıvan”da, “Qəbələ”də alınır, “Neftçi” kimi köklü komandada yox?.. Bu, mümkün deyil. Deməli, daxildə problem var. Baxıram, məşqçidə, futbolçularda problem yoxdur. Bir nəfər sözünü deməli və hər şey ona uyğun getməlidir.

- "Neftçi" çempionluğu hədəfləyən, “Qarabağ”a rəqib komandadır. Mövsümün sonunda komandanın öz istəyinə çatmasını nə dərəcədə mümkün sayırsız?

- Biri var “halva-halva” demək, biri də var un alıb bişirmək. Arzu var, amma hərəkət düzgün deyil. Çempionluq bu gün mümkünsüz görünür. Avrokuboklara bəlkə vəsiqə qazana bilərlər.

- Qarşıya böyük məqsəd qoyulmasa, klublar daha mükəmmələ can atmasalar, nəticə necə hasil ola bilər?

- İnanın, məni klublardan çox milli komandamız düşündürür, ancaq onu fikirləşən yoxdur.

- Niyə məhz milli komanda?

- Klubların nailiyyəti də vacibdir. Amma ən vacibi yığmadır. Sabah hansısa ölkənin millisinə uduzsalar, bu, bizim üçün təhqir olacaq.

- Ayxan Abbasov yığmanın yeni baş məşqçisi təyin olundu. Nəhayət, AFFA rəhbərliyi yerli mütəxəssisə etimad göstərdi. Yaxın gələcəkdə yaxşı nəticələrə ümid edə bilərikmi?

- Ayxan Abbasova uğurlar arzu edirəm. Onun təyinatına həm sevindim, həm də üzüldüm. Yaxşı futbolçu olub, yaxşı məşqçidir. Ən əsası, yaxşı insandır. Bu, sevindirir. Amma çox çətin olacaq. Çünki milliyə heyət yığmaq üçün futbolçu lazımdır.

Baxın, çempionatda oynayan futbolçuların hamısı “11-lik”də var? Əgər futbolçu klubunda mütəmadi oynamırsa, millidə də heç nə edə bilməz. Bu gün milli komandaların heç birini nəticə düşündürmür. Hamısı rəhbərlik qarşısında sözünü tutmağa çalışır. Heç rəhbərləri də düşündürmür. Əgər fikirləşsəydilər, nəsə edərdilər.

Limitin ləğvi millinin bel sütununu qırdı. Klublara xeyri oldu, amma pulu çox olanlara. Legioner gətirilir, burada yaşaması üçün pul xərclənir, amma ehtiyatda oturur.

Abbasov yaxşı nəticə əldə etsə, mən də sevincəm. Yetərli qədər təcrübəsi var. Əsas odur ki, 90 dəqiqə kimə qarşı oynayırsa-oynasın, kompleksə düşməsinlər.

- Qurban Qurbanov Azərbaycanda ən yaxşı baş məşqçi olduğunu zaman-zaman sübuta yetirir. Siz milliyə baş məşqçi olaraq onun adını ağlınızdan keçirdinizmi?

- Xeyr, Qurban Qurbanovun özünə kömək lazımdır, kiməsə kömək edə bilməz. Hazırda Çempionlar Liqasının əsas mərhələsində onu çətin oyunlar gözləyir. Belə düşünürəm ki, onu milliyə götürməməkdə düz ediblər. Bəziləri fikrimi başa düşməyəcək, amma mənə görə, Qurban üçün bu gün daha vacib olan Çempionlar Liqasıdır.

- Necə düşünürsünüz, 2 oyuna 6 xal toplayan “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər adlayaraq yeni tarix yaza bilər?

- Niyə yazmır ki?! Hər şey mümkündür. İstək var. Qarşıda Ağdam təmsilçisinin xal ala biləcıyi rəqiblərlə oyunları olacaq. İnanıram ki, bu nəticələrin ardı gələcək.

İdman.biz