Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasında Rusiya Şahmat Federasiyasının üzvlüyü ilə bağlı məsələ müzakirə olunub.
İdman.Biz xəbər verir ki, Ermənistan, Belarus, Kuba və Nikaraqua şahmat federasiyaları Rusiya Şahmat Federasiyasının FIDE üzvlüyünün bərpasını təklif ediblər. Bu məsələ Baş Assambleyanın rəsmi gündəliyində ayrıca bənd kimi yer alıb.
Səsvermənin nəticəsində təkliflər lazımi dəstəyi almayıb və Rusiya Şahmat Federasiyasının üzvlüyünün müvəqqəti dayandırılması ilə bağlı qərar qüvvədə saxlanılıb.
FIDE-nin yeni seçilmiş prezidenti Timur Turlov bildirib ki, qurum İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əməl etməlidir.
“Biz CAS-ın qərarlarına riayət etməliyik. Bununla yanaşı, ümid edirəm ki, yaranmış vəziyyətdən çıxış yolu tapa biləcəyik və CAS-ın şərtləri yerinə yetirildikdən sonra
Rusiya Şahmat Federasiyası bir gün tam hüquqlu şəkildə geri dönəcək”, - deyə Turlov bildirib.
FIDE Şurası iyunda açıqlamışdı ki, CAS qərarında nəzərdə tutulan tələblər müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Rusiya Şahmat Federasiyasının üzvlüyü müvəqqəti dayandırılır. Qurum eyni zamanda bu sanksiyanın fərdi şahmatçıların FIDE-nin müəyyən etdiyi şərtlərlə beynəlxalq yarışlarda iştirakına mane olmamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Timur Turlov 26 sentyabrda Səmərqənddə keçirilən FIDE prezident seçkisində ikinci turda 110 səs toplayaraq qalib gəlib. 38 yaşlı funksioner təşkilatın səkkizinci prezidenti olub və 2018-ci ildən FIDE-yə rəhbərlik edən Arkadi Dvorkoviçi əvəzləyib.
