Nəriman Abdullayev: “Bu, son illərdə ən yaxşı çempionat idi, o, bizi təəccübləndirməyi bacardı” - MÜSAHİBƏ

Müsahibə
11 Dekabr 2023 13:30
889
Nəriman Abdullayev: “Bu, son illərdə ən yaxşı çempionat idi, o, bizi təəccübləndirməyi bacardı” - MÜSAHİBƏ

Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayevin İdman.biz saytına müsahibəsi

- Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatdı. Yarışı necə dəyərləndirərdiz?

- Çempionat çox yüksək səviyyədə keçdi. Çünki burada bir çox gənc idmançılarımız öz güclərini sınadı. Gərgin mübarizə sayəsində demək olar ki, hər bir boksçu sonadək döyüşdü. Deyərdim ki, həm təşkilatı, həm də döyüşlərə görə son illərdə təşkil edilən ən yaxşı çempionat idi. Yarışda komanda, idmançı sayında da irəliləyiş qeydə alındı.

- Yığma üzvlərindən kimlərin çıxışı sizin üçün gözlənilməz oldu və kimlər özlərini doğrultmadı?

- 86 kq çəkidə Seyid Seyidov çox gözəl döyüş nümayiş etdirdi. O, finalda təcrübəli Eldar Quliyevlə üz-üzə gəldi. İlk 2 raund gərgin keçidi. Amma sonuncu hissədə təşəbbüsü ələ alaraq, qalib gəlməyi bacardı. Həmçinin, çox gözəl texnika nümayiş etdirdi. Seyidov gənc olduğu üçün bu nəticəni gözləmirdik. Amma o bizi təəccübləndirməyi bacardı. Digər boksçumuz Malik Həsənov bir çox beynəlxalq turnirlərdə iştirak edib. Ondan yüksək nəticə gözləsək də, belə olmadı. Tayfur Əliyev çəkisini 60 kq-dan 63,5 kq-a qaldırsa da, Həsənova qalib gələrək bu çəkinin ən güclüsü adına yiyələndi. O, 60 kq-da belə dəfələrlə qızıl medala yiyələnib. Bunun özü də bizim üçün sensasiya idi.

- Komandanın liderləri hesab olunan Malik Həsənovla Eldar Quliyevin adını çəkdiniz. Millidə əsas heyət üzvü olan Ümid Rüstəmov (57 kq) çempion ola bilmədi...

- Sözün əsl mənasında, bu yüksək rəqabətdən irəli gəldi. Adı çəkilən idmançılarımız öz klublarında məşqlərinə davam edirlər. Lakin biz yenə də onlara nəzarətdə saxlayırıq. Ola bilər ki, adları çəkilən bu boksçular məşqlərində səhlənkarlıq ediblər. Bu da belə nəticələnib.

- İstedadlı boksçu kimi adını çəkdiyiniz Seyid Seyidov həm də çempionatın ən yaxşısı seçildi. Sizcə, o uğurun davamını gətirə biləcəkmi?

- Bəli, çempionatın tapıntısı kimi Seyid Seyidovu xüsusi qeyd elədim. İnanırıq ki, növbəti yarışlarda da özünü yaxşı tərəfdən göstərə biləcək. Onun yarış zamanı performansı çox xoşumuza gəldi. Final döyüşü də çox maraqlı keçdi və zaldakılar tərəfindən alqışlandı.

- Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Bu yarışda yeni boksçuların da mükafatçılar sırasında yer aldığını nəzərə alsaq, yarışa neçə lisenziya qazana bilərik?

- Boksda gözlənilməz zərbə faktoru var. Yəni idmançı istəmədiyi anda belə nokauta düşə bilər. Ona görə bu barədə danışmaq çətindir. Hələlik 7 çəki dərəcəsindən 2-də lisenziyanı qazanmışıq. Sayın artacağına inanırıq. Ən azı daha üç vəsiqə əldə etmək olar.

Banuçiçək Hüseynli
İdman.biz