Maykl Cordanın forması yenidən rekord qırdı - Bu dəfə 14 milyon dollara satıldı

13 Oktyabr 2026 05:18
101
Maykl Cordanın forması yenidən rekord qırdı - Bu dəfə 14 milyon dollara satıldı

Altıqat NBA çempionu Maykl Cordanın 1998-ci ildə “Çikaqo Bullz”un heyətində final seriyasının ikinci oyununda geyindiyi forma rekord məbləğə - 14 milyon dollara satılıb.

İdman.Biz “Associated Press”ə istinadən xəbər verir ki, üzərində əfsanəvi basketbolçunun şəxsi imzası olan qırmızı forma “Hunt Auctions” şirkətinin vasitəçiliyi ilə özəl satış yolu ilə alınıb. Alıcı Mayamidən olan daşınmaz əmlak investoru Ron Firmandır.

Cordan həmin formanı 1998-ci il iyunun 5-də NBA finalının “Yuta Cazz”a qarşı ikinci oyununda geyinib. “Çikaqo Bullz”un 93:88 hesabı ilə qalib gəldiyi görüşdə basketbolçu 37 xal toplayıb. Çikaqo təmsilçisi final seriyasını 4:2 hesabı ilə qazanaraq tarixində altıncı çempionluğunu əldə edib.

Maraqlıdır ki, Cordanın formasının satışında əvvəlki rekord cəmi bir neçə həftə əvvəl müəyyənləşmişdi. Belə ki, 1998-ci il NBA finalının üçüncü oyununda geyindiyi forma sentyabrın 29-da “JOOPITER” hərracında 12,26 milyon dollara satılmışdı.

Daha əvvəl isə basketbolçunun həmin final seriyasının ilk oyununda geyindiyi forma 2022-ci ildə “Sotheby’s” hərracında 10,09 milyon dollara alıcı tapmışdı.

Beləliklə, Cordanın 1998-ci il NBA finalında geyindiyi üç fərqli forma 10 milyon dollardan artıq qiymətə satılıb. Sonuncu 14 milyon dollarlıq sövdələşmə basketbolla əlaqəli əşyalar arasında ümumi satış rekordunu yeniləsə də, 12,26 milyon dollarlıq nəticə açıq hərraclar üzrə rekord olaraq qalır.

Cordanın yeni satılan forması bütün idman növləri üzrə oyun formalarının məlum satış qiymətləri arasında ikinci yerdə qərarlaşıb. Rekord isə əfsanəvi beysbolçu Beyb Ruta məxsusdur. Onun 1932-ci ildə geyindiyi forma 2024-cü ildə 24,12 milyon dollara satılıb.

Qeyd edək ki, 1998-ci il mövsümü Cordanın “Çikaqo Bullz”la qazandığı altıncı və sonuncu NBA çempionluğu ilə yadda qalıb. Həmin mövsümə həsr olunmuş “The Last Dance” sənədli serialı 2020-ci ildə yayımlanıb.

İdman.Biz