Adil Şükürov: “Heç vaxt müdafiədə oturmağı istəmirik”

Xəbərlər
5 Aprel 2024 22:54
216
Adil Şükürov: “Heç vaxt müdafiədə oturmağı istəmirik”

“İki fərqli hissə izlədik”.İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Araz-Naxçıvan”la oyundan sonra deyib.

Azərbaycan Premyer Liqasının XXIX turunu qələbə ilə başa vuran Gəncə təmsilçisinin çalışdırıcısı fasilədən sonra futbolçuların tapşırıqları yerinə yetirdiklərini bildirib: “İlk qol epizodunu biz yaratdıq. Bundan sonra sanki komandada arxayınlıq oldu. Bunun nəticəsində qol buraxdıq. Fasilədə futbolçularla söhbət etdik. Uşaqlar toparlandılar. Lazım olan qolları vurub 3 xal qazandıq. Daha çox hücumda oynamağı istəyirdik. Bunun nəticəsində rəqib müdafiəsində boşluqlar tapa bilirdik. Futbolçular dediklərimizi başa düşdülər”.

Adil Şükürov rəqibə uyğun oyun seçmədiklərini qeyd edib: “Futbolçularla danışanda deyirik ki, əsas rəqibimizin necə oynayacağına fikir verməyək. Çalışırıq ki, komanda bizim istədiklərimizi yerinə yetirsin. Futbolçulardan heç vaxt müdafiədə oturmağı istəmirik. Bir oyun üslubumuz var. Bunu daha da təkmilləşdirmək istəyirik. Rəqibə uyğun yox, öz istədiyimiz futbolu oynamağa çalışmalıyıq”.

Qeyd edək ki, “Kəpəz” 30 xalla 9-cu pillədə yer alıb.

İdman.biz