Azərbaycanın “Neftçi” futbol komandasının cinah müdafiəçisi Rüfət Abbasov komandanın onun üçün xüsusi yerə sahib olduğunu bildirərək “Şəfa” üzərində 4:1 hesablı qələbənin davamının gəlməsini istədiklərini söyləyib.
İdman.Biz xəbər verir ki, “Neftçi”nin akademiyasında yetişən futbolçu Misli Premyer Liqasının dördüncü turunda “Şəfa”nı evdə 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
“Neftçi” mənim evimdir. Burada olduğum üçün xoşbəxtəm. Əsas komandada ilk qolumu vurduğum üçün də xoşbəxtəm. Amma əsas bizim üçün qələbə qazanmaqdır. Bunun ardının gəlməsini istəyirik”, - deyə Abbasov sport24.az-a bildirib.
Rüfət Abbasov qarşılaşmada üstün tərəf olduqlarını da vurğulayıb:
“Standart vəziyyətdən qol buraxdıq. Ani diqqətsizlik oldu. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Qollarımızı da vurduq. Daha çoxuna imza ata bilərdik. Daha yaxşı olmaq üçün də çalışacağıq”.
