Qurban Qurbanov: “Asan olmadı”

Xəbərlər
24 Dekabr 2023 22:49
258
Qurban Qurbanov: “Asan olmadı”

“Futbolçular çox dinamik, səbirli oyunla yaxşı qalibiyyət əldə edə bildilər”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib. Qurbanov rəqibin oyununu vurğulayaraq, asan 3 xal qazanmadıqlarını bildirib: “Azarkeşlər üçün çox sürətli, mübarizəli oyun izlədilər. 90 dəqiqə ərzində tempi qoruyub saxlamaq asan deyildi. Rəşad Sadıqov komandasını bu görüşə çox yaxşı hazırlamışdı. “Zirə” çox aqressiv, dinamik oynadı. Rəqib müdafiədə oturmadı, üzərimizə gəlirdi və bizim üçün asan olmadı. İkinci hissədə temp düşsə də, "Zirə" qarşılaşmanın sonlarında üstünlüyü ələ aldı”.

Qurbanov “Qarabağ”ın qış fasiləsində xaricə getməməsinə münasibət bildirib. O, vaxtın az olduğunu qeyd edərək, bu amilin komandanın hazırlığına mane olmayacağını deyib.

Qeyd edək ki, 41 xal toplayan “Qarabağ” qış fasiləsinə 12 xal fərqi ilə üstün yollanıb.

İdman.biz