Bakıda “Qələbə qaçışı” keçiriləcək

6 Oktyabr 2026 09:58
90
Bakıda “Qələbə qaçışı” keçiriləcək

Noyabrın 1-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə altıncı “Qələbə qaçışı” xeyriyyə tədbiri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş tədbir “Qürurla irəli!” şüarı altında təşkil olunacaq.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. 10 kilometr məsafəni əhatə edəcək qaçış saat 10:00-da başlayacaq. Finiş xəttini ilk keçən iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Oktyabrın 31-də isə tədbir ərazisində fan-zona fəaliyyət göstərəcək. Burada qonaqlar üçün müxtəlif əyləncələr və maraqlı proqramlar təqdim olunacaq.

Qaçışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Yerlər məhdud olduğundan iştirakçı sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq dayandırılacaq. İştirak üçün qeydiyyat zamanı 20 manat ianə ödənilməlidir.

Toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

İdman.Biz