Ayxan Cavadov: "Heç nə mümkünsüz deyil"

Müsahibə
15 Avqust 2025 20:41
65
Ayxan Cavadov: "Heç nə mümkünsüz deyil"

Yunan-Roma güləşi üzrə U20 Avropa çempionu Ayxan Cavadov Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, gənc idmançı qarşıda start götürəcək dünya çempionatına hazırlıqdan bəhs edib.

– Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa neçə faiz hazır hiss edirsən?

– Dünya cempionatına hazırlıq çox yaxşı gedir. Demək olar ki, təlim-məşq toplanışımız sona çatmaq üzrədir. Özümü yarışa tam hazır hiss edirəm.

– Ötən il U17 Avropa və dünya çempionu olmuşdun. Bu il də eyni nəticəni U20 yaş qrupunda təkrarlaya bilərsən. Bunun üçün nə lazımdır?

– Heç nə mümkünsüz deyil. Eyni nəticəni təkrarlaya bilərəm. Bunun üçün, sadəcə, inanmaq və sona kimi mübarizə aparmaq lazımdır.

– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?

– Hər bir rəqib seçilmiş və güclü idmançıdır. Amma fərqləndirməli olsaq, Asiya təmsilçilərini daha ciddi rəqib sayıram.

– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var?

– Hələ ki, 60 kq-da güləşməyi fikirləşirəm.

– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?

– Daha çox fiziki hazirlığı artırmağı fikirləşirəm.

– Güləşdə kumirin kimdir? Kimi özünə örnək götürürsən?

– Örnək götürüləsi çox idmançı var. Kumirim isə Olimpiya və ikiqat dünya çempionu Keniçiro Fumitadır.

İdman.biz