Toğrul Əsgərov: "Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur"

Xəbərlər
6 İyul 2025 18:35
60
Toğrul Əsgərov: "Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur"

İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında 2 qızıl medal qazanan qadın güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi və brifinq təşkil edilib.

Baş məşqçi əvəzi Toğrul Əsgərov güləşçilərin yarışda əllərindən gələni etdiklərini bildirərək sözlərinə belə davam edib: "Yolumuz Olimpiada yoludur. Bu yolda dayanmaq yoxdur. Bundan qabaqki müsahibələrimizdə də bildirmişdik ki, komandamız gəncdir, yolumuz uzundur, açıqdır və parlaqdır. Qarşıda bizi U20 və böyüklərin dünya çempionatları gözləyir. Vaxtımız çox azdır. Əlimizdən nə gəlirsə, onu artıqlaması ilə etməyə çalışacağıq”.

Böyük məşqçi Rövşən Umudov qadın güləşinin inkişafda olduğunu deyib: "Yeniyetmə qızlar yetişir. Mənə elə gəlir, az bir zamanda tam heyətlə yarışlara qatıla biləcəyik. Qadın güləşi öz sözünü deyəcək. Necə ki, sərbəst və yunan-Roma güləşində komanda hesabında Avropa çempionatında ön sıralarda yer alırıq, qadın güləşi üzrə komandamız da bir-iki ilə U17 və U20 yaş qrupunda öz sözünü deyəcək”.

Avropa çempionu Günay Qurbanova yarışın çox yaxşı keçdiyini bildirib: "Şükür Allaha, bu il ikinci dəfə Avropa çempionu ola bildim. Çox xoşbəxtəm. Bütün məşqçilər korpusuna, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Növbəti hədəfim U20 dünya çempionatında uğurlu çıxış etməkdir. Bu yarışa hazırlaşacağıq. İnşallah, yaxşı olacaq”.

Avropa çempionu Ruzanna Məmmədova isə yarışın olduqca çətin keçdiyini dilə gətirib: "Çox güclü rəqiblərlə qarşılaşdıq. Amma şükür Allaha ki, nəticə istədiyimiz kimi oldu. Zədəyə görə son təlim-məşq toplantısında iştirak edə bilmədim. İştirak etsəydim, yarış daha asan keçə bilərdi. Yenə də qalib gəldim. Buna görə də çox sevinirəm. Növbəti hədəfim ilk öncə qarşıdan gələn gənclər arasında dünya çempionatı, sonra U23 dünya çempionatıdır. Amma əsas hədəf Olimpiadaya lisenziya qazanıb, ölkəmizi layiqincə təmsil etməkdir”.

İdman.biz