Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR

Xəbərlər
26 Noyabr 2024 11:47
843
Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı dələduzluq edilib.

Bunu İdman.biz-ə dünya və Avropa çempionatının mükafatçısı özü deyib.

Məmmədov bildirib ki, bir neçə məşhur idmançının adından istifadə edilərək külli miqdarda pul vəsaiti toplayıblar: “Mənə Olimpiadanın, dünya çempionatının mükafatçısı və Avropa çempionundan mesaj gəldi ki, ustadayam, kartımda pulum bitib. Təcili olaraq mənə 200 manat pul göndər. Mən də zəng etmədən pulu göndərdim. Həmin adamın məndə nömrəsi yox idi. Qonşuyuq, dedim insandır, hər şey ola bilər. Daha sonra mənə zəng gəldi. Dedilər ki, sənin adından bizdən pul istəyirlər. Bu sənsən? Ondan sonra bildim ki, aldanmışam. Sabiq boksçu Teymur Məmmədova zəng etdim və o da bildirdi ki, 1 həftədir mənim adımdan da pul yığırlar”.

Veteran güləşçi, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də vurğulayıb: “Mənim və bir neçə idmançının adından istifadə edilərək pul yığılır. Artıq mənim adımdan istifadə edərək 3-4 min manatadək pul alıblar. Bizim adımızdan bunu istəyən olsa, xahiş edirəm, heç kim verməsin. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bunu edənlər yəqin ki, tapılacaq”.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli də eyni halla üzləşib.

Emin Ağa
İdman.biz