U-20 dünya çempionatında bürünc medal qazanan yunan-Roma güləşçimiz Elmin Əliyev çıxışını qiymətləndirib və hədəflərindən danışıb.
İdman.Biz-ə açıqlamasında Əliyev medal qazandığı üçün sevindiyini, lakin daha böyük ambisiyalarının olduğunu bildirib.
“Allaha həmd olsun, medalsız qalmadım. Bürünc medal qazandığım üçün çox sevinirəm. Dünya çempionatında əsas məqsədim dünya çempionu olmaq idi. Bunun üçün əlimdən gələni etdim. Lakin qazandığım nəticə ilə kifayətlənmirəm. İnşallah, növbəti yarışlara daha ciddi hazırlaşaraq bürünc medalı qızılla əvəz edəcəyəm”, - deyə, o vurğulayıb.
Azərbaycanlı güləşçi yarımfinalda belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə məğlub olub. O, həmin görüşün yarışdakı ən çətin qarşılaşması olduğunu bildirib: “Həmin görüş həm fiziki, həm də taktiki baxımdan çox çətin oldu. Rəqib güclü idi və qarşılaşma ərzində həm fiziki güc, həm də düzgün taktiki gedişlər böyük əhəmiyyət daşıyırdı”.
Elmin Əliyev ötən il də dünya çempionatında bürünc medal qazanıb. O, finala yüksəlmək üçün üzərində daha çox çalışmalı olduğu məqamları qeyd edib:
“Bəzi məqamlarda daha soyuqqanlı və daha düzgün güləşməliyəm. Bu məsələlərin üzərində işləyəcəyəm. Əsas məqsədim nəticələrimi daha da yaxşılaşdırmaq və bürünc medalı qızıl medalla əvəz etməkdir”.
Qeyd edək ki, bu medal Əliyevin 2026-cı ildə qazandığı üçüncü medal olub. İdmançımız mövsümü uğurlu hesab etdiyini və qarşısına daha böyük hədəflər qoyduğunu bildirib:
“Bu mövsümü ümumilikdə yaxşı qiymətləndirirəm. Amma düşünürəm ki, daha yaxşı nəticələr də qazana bilərdim. Allaha həmd olsun ki, il başlayandan üç medal qazanmışam. Bu, mənim üçün böyük uğur və böyük nəticədir. Bununla belə, qarşıda daha ciddi yarışlar var və məqsədim həmin yarışlara daha yaxşı hazırlaşmaq, səhvlərimi aradan qaldırmaq və daha yüksək nəticələr qazanmaqdır. İnşallah, qarşıdakı yarışlarda daha yaxşı çıxış edərək qızıl medal uğrunda mübarizə aparacağam”.
