Güləşçilərimiz Günay Qurbanova və Ruzanna Məmmədova U-20 dünya çempionatının finalında - YENİLƏNİB

20 Avqust 2026 19:22
1 091
Güləşçilərimiz Günay Qurbanova və Ruzanna Məmmədova U-20 dünya çempionatının finalında - YENİLƏNİB

Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Günay Qurbanova yarımfinalda Hindistan təmsilçisi Tanvi Qundeş Maqduma “tuş”la qalib gəlib.

59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova isə Macarıstan güləşçisi Eda Balaşanı 11:0 hesabı ilə məğlub edib. Tam üstünlüklə qalib gələn Məmmədova da adını finala yazdırıb.

Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq. Çempionat avqustun 23-dək davam edəcək.

17:40

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında qadın güləşi üzrə yarımfinal görüşləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin iki üzvü finala vəsiqə uğrunda mübarizə aparacaq.

57 kq çəki dərəcəsində Günay Qurbanova Hindistan təmsilçisi Tanvi Qundeş Maqdumla qarşılaşacaq. 59 kq-da isə Ruzanna Məmmədova Macarıstan güləşçisi Eda Balaşla üz-üzə gələcək.

Hər iki görüş saat 18:45-də başlayacaq.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

16:43

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, sərbəst güləşçimiz Camal Abbasov növbəti görüşünü keçirib.

61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda ABŞ təmsilçisi Aaron Ceyms Zaydela 2:13 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

16:20

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, qadın güləşçimiz Ruzanna Məmmədova 59 kq çəki dərəcəsində 1/4 finalda Hindistan təmsilçisi Komal Komala ilə qarşılaşıb. Təmsilçimiz rəqibini tam üstünlüklə - 14:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Sərbəst güləşçimiz Məhəmməd Abbaszadə isə 86 kq çəki dərəcəsində 1/4 finalda Türkmənistan təmsilçisi Alp Arslan Begenjova 1:14 hesabı ilə uduzub.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

15:16

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında qadın güləşçimiz Günay Qurbanova növbəti görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda kanadalı Aqniya Krakovskayanı “tuş”la məğlub edib.

Bu qələbə Günay Qurbanovaya dünya çempionatının yarımfinalına vəsiqə qazandırıb.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

15:03

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşçimiz Camal Abbasov növbəti görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz 1/8 final mərhələsində Monqolustan təmsilçisi Dulquun Enxbaatara tam üstünlüklə (10:0) qalib gəlib.

C.Abbasov bu nəticə ilə dünya çempionatının 1/4 finalına yüksəlib.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

14:42

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında sərbəst güləşçimiz Məhəmməd Abbaszadə ilk görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz 1/8 final mərhələsində bolqarıstanlı Alan Tigiyevə "tuş"la qalib gəlib.

M.Abbaszadə bu nəticə ilə dünya çempionatının 1/4 finalına yüksəlib.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

14:27

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki,sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində çıxış edən Camal Abbasov Moldovalı Marçel Andronakeni tam üstünlüklə (10:0) məğlub edərək 1/8 finala yüksəlib.

Qadın güləşçilərdən Günay Qurbanova (57 kq) Özbəkistan təmsilçisi Ulbiye Karılıbayevaya 11:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Ruzanna Məmmədova (59 kq) isə ispaniyalı Rosa Molina Rodrigesi tam üstünlüklə (10:0) məğlub edib və 1/4 finala yüksəlib.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

13:21

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında qadın güləşçimiz Günay Qurbanova ilk görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz təsnifat mərhələsində Macarıstan təmsilçisi Liliana Kapuvarini tam üstünlüklə (12:1) məğlub edib.

G.Qurbanova bu nəticə ilə dünya çempionatının 1/8 finalına yüksəlib.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

12:02

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün müxtəlif çəki dərəcələrində mübarizəyə çıxacaqlar.

Qadın güləşində Günay Qurbanova (57 kq) təsnifat mərhələsində Macarıstan təmsilçisi Liliana Kapuvari ilə qarşılaşacaq. Ruzanna Məmmədova (59 kq) isə 1/8 finalda İspaniya güləşçisi Rosa Molina Rodriguezlə üz-üzə gələcək.

Sərbəst güləşdə Camal Abbasov (61 kq) təsnifat mərhələsində Moldova təmsilçisi Marcel Andronake ilə qarşılaşacaq. Məhəmməd Abbaszadə (86 kq) isə 1/8 finalda Monqolustan təmsilçisi Bilguundalai Purevdaqva və Bolqarıstan güləşçisi Alan Taymurazoviç Tigiyev arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

İdman.Biz