Zirəddin Bayramov: “Hacı Əliyevdən yüksək uğurlar qazanacam” - MÜSAHİBƏ

Müsahibə
6 Yanvar 2024 10:59
1 058
Zirəddin Bayramov: “Hacı Əliyevdən yüksək uğurlar qazanacam” - MÜSAHİBƏ

Azərbaycan millisinin sərbast güləşçisi Zirəddin Bayramovun (65 kq) İdman.bizə müsahibəsi

- 2023-ci il geridə qaldı. Ötən illə müqayisədə yeni ildən səndən nə gözləmək olar?

- 2023-cü ildə ağır əməliyyatdan sonra ilk dəfə iştirak etdiyim dünya çempionatında ikinci oldum. Təbii ki, bununla kifayətlənməyəcəm. 2024-cü ildən gözləntilərim böyükdür. Artıq zədəm də tam sağaldığına görə Olimpiyada çıxış etmək niyyətindəyəm. Bunun üçündə çox çalışıram. İnanıram ki, lisenziyaya yiyələnərək, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacam və Fransa paytaxtında ölkəmizi layiqincə təmsil edəcəm.

- Yeni ildə ilk sınağın Xorvatiyada olacaq. "Zaqreb Open"ə seçim turniri kimi baxıldığını nəzərə alsaq, özünü orda gəstərəcəyinə inanırsan?

- ⁠Özümə həmişə inanıram və Xorvatiyada yüksək nəticə əldə edəcəyimi düşünürəm. Əhval-ruhiyyəm də yaxşıdır. Çempion olacağımı deyə bilirəm.

- Onda artıq səni yarışa tam hazır saymaq olar?

- ⁠Hələlik hazırlaşırıq. Toplanışımız yüksək səviyyədə keçir. İdmançı hər gün məşq etməlidir. Çünki bir gün belə bunu pozarsa, hazırlıq düzgün formada getməyəcək və böyük fəsadlara yol açacaq. Bu səbəndən mən də bir gün fasilə vermədən mütəmadi şəkildə məşqlər edirəm.

- Dünya Güləş Birliyində "Zaqreb Open" yarışı ilə bağlı dərc olunan yazıda belə bir fikir var ki, millimizin lideri Hacı Əliyevin (65 kq) dünya çempionatında lisenziya qazanmaması bu çəkidə Zirəddin Bayramovun şansını artırıb. Buna münasibətin necədir?

- ⁠Fikrimcə, onlar məndə olan istəyi və potensialı görürlər. Bu səbəbdən də mənim yarışda iştirak etməyimi məsləhət biliblər. Hacı Əliyev hazırda yığmamızın kapitanıdır, böyük uğurları var. Amma yenə də mən ondan yüksək uğurlar qazanacam və bunun üçün də əlimdən gələni edəcəm.

Banuçiçək Hüseynli

İdman.biz