Qadın güləşi üzrə ölkə çempionatının qadın idmançıların iştirakı olmadan keçirilməsindən sonra elə təəssürat yarandı ki, hazırda qadın güləşimizdə durğunluq dövrü yaşanır və xalçaya çıxacaq idmançı yoxdur.
Bəs bu, həqiqətən belədir və qadın güləşində rəqabətə davamlı gənclik varmı?
Bu suallarla İdman.Biz qadın güləşi üzrə U-20 milli komandasının böyük məşqçisi Rövşən Umudova müraciət edib.
“Deyərdim ki, əksinə, hazırda bizdə təkcə böyüklər arasında yox, gənclər sırasında da çox yaxşı idmançılar var. Ruzanna Məmmədova (62 kq), Günay Qurbanova (59 kq), Esra Məmmədli (55 kq) artıq bu gün böyüklər arasında uğurla mübarizə aparırlar. Günaya Fidan Babayeva rəqabət yarada bilər. Yəni bir çəki dərəcəsində dərhal iki güclü idmançı var ki, bu da uzun müddətdir müşahidə olunmurdu. Mən hələ ağır çəki dərəcələrində qadın güləşini təmsil edən Zəhra Kərimzadədən (76 kq) danışmıram. Bundan əlavə, hazırda bizdə 20 yaşlılarla bərabər səviyyədə mübarizə apara bilən 17 yaşlı qızlar da var”, - deyə Rövşən Umudov bildirib.
