7–11 yanvar tarixlərində keçirilən güləş üzrə Azərbaycan çempionatına ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər cəlb olunmuşdu.
İdman.Biz bildirir ki, ən ali kateqoriyaya (I-S) sahib referilər çempionatın təşkilatçılığı, ümumi səviyyəsi və Azərbaycan güləşi ilə bağlı təəssüratlarını bölüşüblər.
“Azərbaycan çempionatında 2-ci dəfə hakim kimi iştirak etdim. Əvvəlki yarışla müqayisədə, bu il təşkilatçılıq daha yüksək səviyyədə idi. Çoxlu izləyicilər vardı və hətta arenada azarkeşlər arasında yarış da keçirildi ki, güləş daha da tanınsın. Hakimlik səviyyəsi də xeyli artmışdı. Güləşcilər yaxşı texnika göstərdi. Belə inkişaf sevindirməyə bilməz. İnanıram ki, hər il daha yaxşı olacaq və Allahın izniylə növbəti Olimpiadada Azərbaycan güləşciləri uğurlu çıxış edərlər”, - qazaxıstanlı İqor Liqay deyib.
Qazaxıstanlı başqa bir hakim Yerik Jumabekovun fikrincə, çempionatın təşkilatçılığı ən yüksək səviyyədə olub: Hər şey möhtəşəm idi. İdmançılar da çox yaxşı güləşdi. Mübarizə səviyyəsi yüksək idi. Düşünürəm ki, burada olimpiya çəkisində mübarizə aparan uşaqlar dünya çempionatında da sözlərini deyə bilərlər. Artıq ikinci ildir ki, hakim qismində ölkənizə gəlirik. Hakimlər korpusu həqiqətən inkişaf edib. Düşünürəm ki, Azərbaycan güləşi bundan sonra daha da inkişaf edəcək”.
İranlı Nima Sadeqi üçün Azərbaycan çempionatında çalışmaq çox həyəcanverici olub.
“Çempionat və təşkilatçılıq çox yüksək səviyyədəydi. Azərbaycan güləş sahəsində böyük gücə malikdir. Bu ölkə güləşlə tanınır. Azərbaycanın çox sayda dünya və olimpiya çempionları var”, - o, deyib.
Rumıniyalı Marius Kimpoeru yarışda olmaqla yeni bir təcrübə qazanıb: “Azərbaycanda ikinci dəfədir ki, oluram. İlk dəfə 2009-cu ildə gəlmişdim. İndi çox böyük dəyişikliklər müşahidə edirəm və bu yarışın da yüksək səviyyədə təşkil olunduğunu görürəm. Mənim üçün çox maraqlı və güclü güləşçilərin iştirak etdiyi möhtəşəm qarşılaşmalarla dolu yarış oldu”.
İlk dəfə Azərbaycan çempionatına dəvət olunmuş ukraynalı Roman Pavlov idmançılar arasında rəqabət səviyyəsinin yüksək olduğunu vurğulayıb.
“Yarışın çox yaxşı hakim heyəti vardı. Gənc və təcrübəli hakimlərin sintezindən çox yaxşı nəticə əldə edildi. Həmkarlarla işləmək xoş idi. Təşkilatçılıq dünya səviyyəsindəydi. İzləyicilərin marağı isə ən vacib məqamdır. Dolu bir zalda işləmək adama zövq verir və yüksək adrenalin yaradırdı. Çox şadam ki, Azərbaycanın müxtəlif yaş qrupları üzrə çempionatlarına başqa ölkələrdən də hakimləri dəvət edirlər”, - Pavlov bildirib.
