“Qarşıma yalnız ən yüksək pillələri fəth etmək məqsədi qoyuram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Xetaq Karsanov deyib.
125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı final görüşünün istədiyi kimi alınmadığını bildirib: “Qızıl mükafat uğrunda iranlı Abolfazl Necadla qarşılaşdım. Çıxışım ürəyimcə olmadı. Görüş planladığımız kimi keçmədi. Məqsədim həmişə ən yüksək nəticələr əldə etmək olub. Növbəti yarışlarda buna nail olmaq üçün çalışacağam. Amma əldə etdiyim medala görə də narazılıq bildirməməli, əksinə, çəkdiyim əziyyətə görə minnətdar olmalıyam”.
İdmançı gələcək planlarından da söz açıb:“Mən hər zaman özümdən daha artığını gözləmişəm. Xalça üzərinə maksimum nəticə üçün çıxmışam. Buna görə də qarşıma yalnız ən yüksək pillələri fəth etmək məqsədi qoyuram”.
Qeyd edək ki, mundiala bu gün yekun vurulacaq.
