"Benfika" prezidenti postuna namizədliyini irəli sürən portuqaliyalı iş adamı Joao Lopeş Lissabon klubunun əsas transfer hədəfi kimi "Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçisi Bernardo Silvanı müəyyənləşdirib.
Bu İdman.biz "Record"a istinadən xəbər verir.
Məlumata görə, Lopeş artıq Silva ilə danışıqlar aparır. Portuqaliyalı futbolçu ilə yanvarda imzalana biləcək müqavilənin hazırlandığı da vurğulanır.
Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 410 matçda iştirak edib, 72 qol vurub və 73 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 38 milyon avrodur.
Qeyd edək ki, "Benfika" Çempionlar Liqasında "Qarabağ"ın rəqibidir. Komandalar arasında matç sentyabrın 16-da Portuqaliyada keçiriləcək.
İdman.biz