"Atletik Bilbao" "Əl-Nəsr"dən transferi FİFA tərəfindən sənədləşmə ilə bağlı problemlərə görə əngəllənən Emerik Laportun qaytarılması üçün mübarizəsini davam etdirir.
İdman.biz-in məlumatına görə, klub bu həftə FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarını gözləyir və rədd alacağı təqdirdə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.
Tərəflər daha əvvəl 3 illik müqavilə və 10 milyon avroluq transfer haqqında razılığa gəliblər. Lakin Səudiyyə Federasiyası tərəfindən sənədlərin gecikməsi səbəbindən sövdələşmə baş tutmayıb və indi müdafiəçi rəsmi olaraq daha bir il “Əl-Nəsr”in oyunçusu olaraq qalır. La Liqada o, ən azı qış transfer pəncərəsinə qədər qeydiyyatdan keçə bilməz.
Futbolçu uğrunda mübarizəyə "Beşiktaş" da qoşulub. Türkiyə klubu artıq Laportla icarə şərtlərini razılaşdırıb və danışıqlara açıq olan “Əl-Nəsr”ə təkliflə müraciət edib. Beləliklə, ispaniyalı müdafiəçinin gələcəyi FIFA-nın qərarından və işə CAS-da baxılmasından asılı olacaq.
Xatırladaq ki, “Atletik” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Klublar oktyabrın 22-də Bilbaoda üz-üzə gələcəklər.
İdman.biz