Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına qatılan müxtəlif ölkələrin futbolçularının pozitiv görüntüləri diqqət çəkib.
İdman.Biz xəbər verir ki, yarış üçün paytaxtımıza gələn gənc futbolçuların səmimi davranışları, birgə əylənmələri və xoş əhval-ruhiyyəsi videoda əks olunub.
Futbol tarixində ilk dəfə təşkil edilən bu yarışda 189 ölkənin komandası iştirak edir. Dünyanın müxtəlif bölgələrindən Bakıya gələn yeniyetmələr üçün turnir həm beynəlxalq təcrübə qazanmaq, həm də başqa ölkələrdən olan yaşıdları ilə ünsiyyət qurmaq imkanı yaradır.
FIFA-nın təşkil etdiyi dünya çempionatı və festival çərçivəsində minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Qarşılaşmalar səkkiz nəfərlik komandalar arasında, hər biri 20 dəqiqə davam edən iki hissədən ibarət formatda oynanılacaq.
Turnirin əsas oyunları Hövsan Yarış Kompleksində, final qarşılaşmaları isə Bakı Kristal Zalında keçiriləcək.
Oktyabrın 24-də ilk oyunları baş tutacaq yarış ayın 30-da yekunlaşacaq.
