Azərbaycan futbol çempionatlarının yüksək liqasında 15000-ci qol vurulub. Tarixi hadisə Misli Premyer Liqasının doqquzuncu turunun ikinci matçında qeydə alınıb.
İdman.Biz PFL-ə istinadən xəbər verir ki, “Zirə” - “Sumqayıt” qarşılaşmasında meydan sahiblərinin futbolçusu Rikardo Martinsin vurduğu qol ölkə çempionatları tarixində 15000-ci olub. O, görüşdə komandasının ikinci qoluna imza atıb.
Bu qarşılaşma Azərbaycan çempionatlarının yüksək liqasında ümumilikdə 6160-cı oyun kimi tarixə düşüb. Texniki nəticələr nəzərə alınmadıqda isə keçirilən matçların sayı 5881-ə çatıb. 35 mövsüm ərzində orta məhsuldarlıq hər oyuna 2,55 qol təşkil edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov olub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” - “İnşaatçı” (Sabirabad) qarşılaşmasında (1:2) fərqlənib.
