“Barselona” və “Real Madrid”in sabiq futbolçusu Luiş Fiqu Joze Mourinyonun Kataloniya klubunda uğurla çalışa biləcəyini düşünür.
İdman.Biz Mundo Deportivo nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı sabiq futbolçu Mourinyonun vaxtilə “Barselona”nın baş məşqçisi vəzifəsinə namizədliyinin müzakirə olunduğunu xatırladıb.
“Mourinyo “Barselona” üçün yaxşı baş məşqçi ola bilərdi. Onun namizədliyi hələ Qvardiolanın təyinatından əvvəl müzakirə edilmişdi. Ola bilsin, o vaxt klub rəhbərliyi Mourinyonun “Barselona”nı idarə etmək üçün lazım olan keyfiyyətlərə sahib olduğunu düşünürdü.
Bəlkə də mən onunla birlikdə işlədiyim dövrdə Mourinyonun kifayət qədər təcrübəsi yox idi. Amma zaman keçdikcə qazandığı uğurları nəzərə alsaq, o, şübhəsiz, “Barselona” üçün yaxşı məşqçi olardı. Çünki bunun üçün həm bacarığı, həm də biliyi var idi.
Əgər geri qayıtsaydı, klubun fəlsəfəsini və komandanı yaxşı tanıyardı”, - deyə Fiqu bildirib.
Qeyd edək ki, Joze Mourinyo 1996-2000-ci illərdə “Barselona”nın məşqçilər korpusunda köməkçi kimi fəaliyyət göstərib.
