Holand uğrunda üç nəhəngin mübarizəsi - “Real Madrid” iki ulduzundan birini sata bilər

22 Oktyabr 2026 20:54
114
Holand uğrunda üç nəhəngin mübarizəsi - “Real Madrid” iki ulduzundan birini sata bilər

“Mançester Siti”nin norveçli futbolçusu Erlinq Holand Avropanın üç nəhəng klubunun transfer hədəfinə çevrilib. “Real Madrid”, “Barselona” və PSJ hücumçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.

İdman.Biz Fichajes.net-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının “Mançester Siti” ilə bağlı maliyyə qaydalarının pozulması işinə dair gözlənilən qərarı Holandın gələcəyinə təsir göstərə bilər. Klubun inzibati qaydada aşağı liqaya göndərilməsi ehtimalı norveçli futbolçunun mövsümün sonunda ayrılması üçün şərait yarada bilər.

Mənbənin məlumatına görə, Holand yaxın ətrafına karyerasını İspaniyada davam etdirməyə üstünlük verdiyini çatdırıb. Bu isə “Barselona” və “Real Madrid”in şanslarını artırır.

“Barselona”nın prezidenti Joan Laporta hücumçunu klubun əsas transfer hədəfi hesab edir. Baş məşqçi Hans-Diter Flik Holandı Lamin Yamal və Rafinya ilə birlikdə hücum üçlüyündə görmək istəyir.

“Real Madrid”in prezidenti Florentino Peres də norveçli futbolçunun transferini komandanın hücum xəttini gücləndirmək üçün mühüm addım sayır. Lakin Holandın mümkün keçidi klubun maaş büdcəsində dəyişiklik tələb edə bilər. Bu səbəbdən Madrid təmsilçisi Vinisius Junior və ya Kilian Mbappedən birini satmaq məcburiyyətində qala bilər.

PSJ də transfer uğrunda mübarizəyə qoşulub. Paris klubunun baş məşqçisi Luis Enrike hazırda Usman Dembeledən saxta doqquz nömrə mövqeyində istifadə edir. Holandın transferi isə komandaya cərimə meydançasında daha məhsuldar hücumçu qazandıra bilər.

Mənbə qeyd edir ki, PSJ-nin maliyyə imkanları norveçli futbolçunun transfer məbləğini və maaşını əsas heyətdən futbolçu satmadan qarşılamağa şərait yaradır.

Hər üç klub 2026-cı ilin son aylarında İngiltərədə qəbul ediləcək rəsmi qərarları izləyəcək. “Mançester Siti”nin Çempionşipə göndərilməsi təsdiqlənərsə, Holand uğrunda mübarizənin daha da güclənəcəyi gözlənilir.

İdman.Biz