“Arsenal”ın futbolçusu “Qızıl top”un kimə verilməli olduğunu açıqladı

22 Oktyabr 2026 05:31
108
“Arsenal”ın futbolçusu “Qızıl top”un kimə verilməli olduğunu açıqladı

“Arsenal”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays “Bavariya”nın hücumçusu Harri Keynin “Qızıl top” mükafatına layiq olduğunu düşünür.

İdman.Biz TNT Sports-a istinadən xəbər verir ki, futbolçu bu fikirləri Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Bavariya” ilə 2:2 hesablı heç-heçədən sonra səsləndirib. Keyn həmin qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

“Mənim fikrimcə, Harri “Qızıl top”a şübhəsiz namizəddir. Onun statistikası hər şeyi deyir. Bu il onun üçün sadəcə möhtəşəm keçib. Əlbəttə, dünya səviyyəli digər futbolçular arasında ciddi rəqibləri var. Amma onunla eyni komandada oynayanda nə qədər yaxşı futbolçu olduğunu anlayırsan. Ona qarşı oynayanda isə rəqibə nə qədər problem yaratdığını görürsən.

Təsəvvür edin, hücumçu ilk qol epizodunda belə bir ötürmə verir, sonra isə penaltini inamla yerinə yetirir. Bu, inanılmazdır. O, möhtəşəm futbolçudur”, - deyə Rays bildirib.

Qeyd edək ki, Keyn cari mövsümdə keçirdiyi 11 oyunda on qol vurub və yeddi məhsuldar ötürmə edib.

“Qızıl top” mükafatının sayca 70-ci təqdimetmə mərasimi oktyabrın 26-da Londonun “Palladium” teatrında keçiriləcək. Mükafatlandırma tarixdə ilk dəfə Böyük Britaniyanın paytaxtında təşkil olunacaq.

İdman.Biz