“Barselona”nın futbolçusu Lamin Yamal Avropanın beş aparıcı futbol liqasında çıxış edən oyunçular arasında cari mövsümün ilk diqqətçəkən nailiyyətinə imza atıb.
İdman.Biz Opta statistik portalına istinadən xəbər verir ki, ispaniyalı futbolçu bütün turnirlərdə on qol və on məhsuldar ötürmə həddinə çatan ilk oyunçu olub. Bunadək İngiltərə Premyer Liqası, La Liqa, A Seriyası, Bundesliqa və Liqa 1 təmsilçilərindən heç biri hər iki göstəricidə ikirəqəmli nəticəyə nail ola bilməyib.
Yamal mövsümdə onuncu qolunu Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə keçirilən və komandasının 2:4 hesabı ilə uduzduğu görüşdə vurub.
19 yaşlı futbolçu cari mövsüm Çempionlar Liqasında iki qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona” növbəti matçını oktyabrın 25-də La Liqanın onuncu turunda “Real Madrid”ə qarşı keçirəcək.
