Niko Kovaç: “Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər” - VİDEO

20 Oktyabr 2026 23:12
137
Niko Kovaç: “Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah” üzərində qazandıqları qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, xorvatiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin güclü rəqib olduğunu vurğulayıb.

Kovaç qarşılaşmanın komandası üçün böyük əhəmiyyət daşıdığını söyləyib:

“Bu, bizim üçün çox vacib qələbə idi. Matçdan çox razıyam. Hücum xəttində çox yaxşı çıxış etdik. Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik. Bir həftədə üçüncü dəfədir ki, səfərdə çıxış edirdik. Rəqib komanda vəziyyətdən çox yaxşı çıxırdı. İlk on dəqiqədə qapıya çoxsaylı zərbələr endirdik. Futbolçularım meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər”.

Baş məşqçi "Sabah"ın vurduğu qoldan qəzəbləndiyini vurğulayıb:

"Standart vəziyyətdən qol buraxmaq bizi qəzəbləndirir. Çalışırıq ki, bu vəziyyətdə qapımızda qol görməyək. Əslində, həmin vəziyyətdə qapımızı toxunulmaz saxlaya bilərdik. Lakin "Sabah" həmin epizodda daha dəqiq oynadı. Bundan sonra künc zərbələrində və digər standart vəziyyətlərdə daha diqqətli olmalıyıq".

Kovaç "Sabah"ın "Borussiya"ya qarşı layiqli mübarizə apardığını söyləyib:

"Sabah"a göstərdiyi futbola görə təbriklər düşür. Həqiqətən, layiqli mübarizə apardılar. Sözün açığı, təəccüblənmədim. Çünki "Sabah"ı araşdırarkən onların yaxşı oyun nümayiş etdirdiklərini görmüşdüm. Çoxları düşünürdü ki, Norveç və Azərbaycana yollanarkən asan qələbələr qazanacağıq. Lakin bu belə deyil. Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər".

Qeyd edək ki, “Sabah” - “Borussiya” matçı Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz