Kriştianu Ronaldu 30 günlük diskvalifikasiya olunub

19 Oktyabr 2026 21:43
161
Kriştianu Ronaldu 30 günlük diskvalifikasiya olunub

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ölkənin Futbol Federasiyası (FPF) tərəfindən 30 günlük diskvalifikasiyaya məruz qalıb.

İdman.Biz “Record” nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçu yığmanın təlim-məşq düşərgəsini tərk etdiyinə görə 255 avro (təxminən 487 manat) məbləğində cərimələnib.

30 günlük cəzanın 19 günü artıq çəkilmiş hesab olunur. Bu barədə Portuqaliya Futbol Federasiyasının intizam qərarında məlumat verilib.

Beləliklə, təcrübəli hücumçunun diskvalifikasiya müddəti oktyabrın 30-da başa çatacaq. Bu isə onun noyabrın 14-də Danimarka, 17-də isə Uels millisinə qarşı keçiriləcək qarşılaşmalarda iştirakına imkan yaradır.

Ronaldu Millətlər Liqasının üçüncü turunda Danimarka ilə keçirilən və Portuqaliyanın 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl millinin düşərgəsindən ayrılıb.

Baş məşqçi Jorje Jezuş futbolçu ilə aralarında münaqişə olmadığını bildirsə də, tərəflər arasında barışıq görüşünün keçirilməsi barədə məlumatlar yayılıb. Jezuşun belə bir görüşə razılıq verdiyi qeyd olunur.

Xatırladaq ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb.

İdman.Biz