Nuriyevin komandası “Ferentsvaroş”dan xal aldı

18 Oktyabr 2026 23:57
121
Nuriyevin komandası “Ferentsvaroş”dan xal aldı

Azərbaycan futbol millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” Macarıstan çempionatının onuncu turunda “Ferentsvaroş”la heç-heçə edib.

İdman.Biz Macarıstan Futbol Federasiyasının (MLSZ) rəsmi saytına istinadən xəbər verir ki, “Varkert” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Meydan sahibləri üçüncü dəqiqədə hesabı açmaq imkanı qazanıblar. Qonaqların gənc qapıçısı Daniel Radnoti öz cərimə meydançasında Kristian Hertsi qayda pozuntusu ilə dayandırıb. Lakin Soma Novotni penaltini dəqiq yerinə yetirə bilməyib. Top qapı tirinə dəyib.

Buna baxmayaraq, “Kişvarda” 33-cü dəqiqədə hesabı açıb. Ukraynalı yarımmüdafiəçi Boqdan Melnik Habib Mayqadan topu alaraq təxminən 30 metr məsafədən güclü zərbə ilə qapının aşağı küncünü dəqiq nişan alıb.

Buraxılan qoldan sonra “Ferentsvaroş” hücumlarını fəallaşdırıb. 39-cu dəqiqədə qonaqlar bir neçə təhlükəli vəziyyət yaratsalar da, meydan sahiblərinin qapıçısı İlya Popoviç və müdafiəçilər hesabı qorumağı bacarıblar. Epizodların birində Mayqanın baş zərbəsindən sonra top dirəyə dəyib.

Fasilədən sonra hücumda üstünlük “Ferentsvaroş”un tərəfinə keçib. Qonaqlar uzun müddət rəqibin müdafiəsini yara bilməsələr də, 75-ci dəqiqədə Kallum O'Dauda hesabı bərabərləşdirib.

Matçın sonlarında “Kişvarda” yenidən önə keçməyə çalışıb. Ən təhlükəli epizod Amos Yuqun baş zərbəsindən sonra yaşanıb, lakin top qapıdan yan keçib.

Beləliklə, komandalar hərəyə bir xal qazanıblar - 1:1.

Anatoli Nuriyevə gəlincə, azərbaycanlı yarımmüdafiəçi qarşılaşmada iştirak etməyib. Macarıstan Futbol Federasiyasının rəsmi protokoluna əsasən, onun adı nə “Kişvarda”nın start heyətində, nə də ehtiyat oyunçular siyahısında olub.

Futbolçunun iştirak ərizəsinə daxil edilməməsinin səbəbi açıqlanmayıb.

On oyundan sonra 11 xal toplayan “Kişvarda” Macarıstan çempionatının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. Doqquz qarşılaşmada 14 xal qazanan “Ferentsvaroş” isə altıncı yerdədir.

İdman.Biz