“Mançester Yunayted”dən xal itkisi, “Brayton”dan doqquzillik rekord - YENİLƏNİR + VİDEO

18 Oktyabr 2026 19:02
144
“Mançester Yunayted”dən xal itkisi, “Brayton”dan doqquzillik rekord - YENİLƏNİR + VİDEO

İngiltərə Premyer Liqasının yeddinci turunda “Brayton” “Kristal Palas”ı darmadağın edib, “Mançester Yunayted” isə “Lids”lə qarşılaşmada xal itirib.

İdman.Biz xəbər verir ki, “Brayton” doğma meydanda “Kristal Palas” üzərində 5:0 hesablı qələbə qazanıb.

Görüşün ən diqqətçəkən hadisəsi yeddinci dəqiqədə yaşanıb. Meydan sahiblərinin paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 51 metr məsafədən rəqib qapısına yol taparaq son doqquz ilin rekorduna imza atıb.

“Opta”nın məlumatına görə, İngiltərə Premyer Liqasında sonuncu dəfə bu qədər uzaq məsafədən qol 2017-ci ildə vurulub. Həmin vaxt “Everton”un hücumçusu Ueyn Runi “Vest Hem”lə qarşılaşmada 58 metrdən fərqlənib.

Beləliklə, Qomesin qolu 2017-ci ildən bəri İngiltərə çempionatında qeydə alınan ən uzaq məsafəli qol olub.

Turun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Lids”lə 1:1 hesablı heç-heçə edib.

Qonaqlar 35-ci dəqiqədə Brayan Mbeumonun qolu ilə hesabda önə keçiblər. Lakin fasilədən sonra meydan sahibləri tarazlığı bərpa ediblər. Dominik Kalvert-Lüin 51-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Bununla da “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında qələbəsiz oyunlar seriyası beşə çatıb.

Mançester təmsilçisi ölkə çempionatında sonuncu qələbəsini avqustun 30-da “İpsviç Taun” üzərində 5:2 hesabı ilə qazanıb.

Paralel keən oyunda “Bornmut” “Sanderlend”i 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz