“Barselona”nın keçmiş idman direktoru Ramon Planes Pedrinin transferi zamanı klub daxilində yaranan narazılıqlardan danışıb.
İdman.Biz xəbər verir ki, kataloniyalılar 2019-cu ilin sentyabrında 16 yaşlı futbolçunun transferi üçün beş milyon avro (təxminən 10 milyon manat) ödəməyə qərar verəndə klubda bu addımın düzgünlüyünə şübhə edənlər olub.
Planes “Zona Mixta”ya müsahibəsində həmin vaxt Pedrinin “Las Palmas”ın əsas komandasında çox az oynadığını xatırladıb.
“İkinci divizionda demək olar ki, bir dəqiqə belə oynamamış 16 yaşlı futbolçuya beş milyon avro ödəmək ağılsızlıq kimi görünürdü. Xüsusilə də klubun güclü gənclər akademiyası olduğu halda”, - deyə o bildirib.
Keçmiş idman direktoru transfer qərarına etiraz edənlərin ona mesajlar göndərdiyini də açıqlayıb:
“Telefonumda hələ də insanların bu pulu niyə xərclədiyimi soruşduqları mesajlar var”.
Qeyd edək ki, Pedri 2019-cu ildə “Barselona” ilə müqavilə bağlasa da, daha bir mövsüm “Las Palmas”da çıxış edib. O, 2020-ci ildə Kataloniya klubuna qoşulub və sonradan komandanın əsas futbolçularından birinə çevrilib.
