“Real Madrid” La Liqanın prezidenti Xavyer Tebasın dərhal istefasını tələb edən rəsmi bəyanat yayıb.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Tebasın həm La Liqa prezidenti, həm də İspaniya Kral Futbol Federasiyasının (RFEF) vitse-prezidenti vəzifəsindən getməsini istəyib.
Qalmaqala səbəb futbol funksionerinin “Real Madrid TV”nin fəaliyyət üsullarını nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin istifadə etdiyi metodlarla müqayisə etməsi olub.
Tebas daha əvvəl X sosial şəbəkəsində klub televiziyasını məlumatları seçmə şəkildə təqdim etməkdə, müəyyən fikirləri sistemli şəkildə təkrarlamaqda və rəqib obrazı yaratmaqda ittiham edib. O, müqayisəsinin nasist ideologiyasına və ya “Real Madrid” azarkeşlərinə deyil, yalnız təbliğat üsullarına aid olduğunu vurğulayıb.
Madrid klubu isə bu izahı qəbuledilməz sayıb. Bəyanatda İspaniya futbolunda iki yüksək vəzifə tutan şəxsin belə müqayisəyə əl atmasının ciddi təhqir olduğu qeyd edilib.
“Real Madrid” Tebasın açıqlamalarını kluba, onun prezidentinə və media qurumlarına qarşı davamlı hücumların növbəti nümunəsi kimi qiymətləndirib.
Klub, həmçinin funksioneri “Neqreyra işi” ilə bağlı mövqeyinə görə tənqid edib. Madrid təmsilçisi “Barselona”nın İspaniya Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidentinə illərlə etdiyi ödənişlərin tam araşdırılması üçün UEFA-ya müraciət etdiyini xatırladıb.
Bununla yanaşı, “Real Madrid” hakimlik sistemində, federasiyanın idarəetmə və nəzarət strukturlarında köklü islahatların aparılmasını tələb edib.
Klubun bəyanatında Tebasın davranışlarının neytrallıq, hörmət və qərəzsizlik prinsiplərinə zidd olduğu vurğulanıb. Madrid təmsilçisi onun bu vəzifələri davam etdirmək üçün institusional baxımdan uyğun olmadığını hesab edir.
Bəyanatın sonunda “Real Madrid” Xavyer Tebasın La Liqa prezidenti və İspaniya Kral Futbol Federasiyasının vitse-prezidenti vəzifələrindən dərhal istefa verməsi tələbini bir daha təsdiqləyib.
