İspaniyanın “Atletik Bilbao” futbol komandasının hücumçusu Niko Uilyamsın 2025-ci ilin yayında “Barselona”ya keçidinin baş tutmamasının səbəbi məlum olub.
İdman.Biz Niderlandın “Voetbal International” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun agenti Feliks Tainta transfer danışıqlarının uğursuz nəticələnməsini Kataloniya klubunun oyunçuları qeydiyyatdan keçirməklə bağlı problemləri ilə əlaqələndirib.
Tainta “Los Fulanos” podkastında bildirib ki, “Barselona” ilə danışıqlar aparılsa da, Uilyamsın transferdən sonra meydana çıxa bilməyəcəyi ilə bağlı risk yaranıb.
“Biz risk edə bilməzdik ki, Niko ora getsin və sonra oynaya bilməsin. Mən hansısa yerə işləməyə gedirəmsə, işimi görmək imkanım olmalıdır. Sizin problemləriniz mənə təsir etməməlidir. Buna zəmanət verə bilmirsinizsə, qərarımı dəyişməliyəm. Məhz belə də oldu”, - deyə agent vurğulayıb.
Onun sözlərinə görə, danışıqlar zamanı “Atletik Bilbao” rəhbərliyi də proses barədə mütəmadi məlumatlandırılıb.
Agent həmçinin Uilyamsın digər klubların təkliflərini rədd edərək Bilbao təmsilçisinə sadiq qalmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2025-ci ilin yayında “Barselona”ya keçməyib və “Atletik Bilbao” ilə müqaviləsini 2035-ci ilin yayına qədər uzadıb. O, 2024-cü ildə Avropa, 2026-cı ildə isə dünya çempionu olub.
