İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lamin Yamal futboldan kənarda yeni sahəyə maraq göstərir. Gənc futbolçu aşpazlıq sənətini öyrənmək üçün evində xüsusi dərslər almağa başlayıb.
İdman.Biz İspaniyanın “Sport” nəşrinə istinadən xəbər verir ki, Yamal hər axşam evinə gələn peşəkar aşpazın köməyi ilə müxtəlif yeməklərin hazırlanma qaydalarını öyrənir.
Futbolçu aşpazlıq dərslərinin necə keçdiyini açıqlayıb:
“Bəli, aşpaz axşamlar evimə gəlir. O, mənim üçün yemək hazırlayır, mən isə prosesə baxıram və bəzi işlərdə iştirak edirəm. Tədricən öyrənirəm. Çətindir, amma yavaş-yavaş irəliləyirəm”.

Yamal bu sahədə anasından öyrəndiklərinin də böyük əhəmiyyət daşıdığını bildirib.
Gənc futbolçu xüsusilə iki milli yeməyi hazırlamağı öyrənmək istəyir. Bunlardan biri Mərakeş mətbəxinə məxsus kuskus, digəri isə Ekvatorial Qvineyada məşhur olan yerfındıqlı düyüdür.
Futbolçunun bu seçimləri ailəsinin mənşəyi ilə bağlıdır. Onun atası Munir Mərakeşdən, anası Şeyla isə Ekvatorial Qvineyadandır. Buna görə hər iki ölkənin milli yeməkləri Yamalın uşaqlıq xatirələrində xüsusi yer tutur.
Toyuq əti və yerfındığı sousu ilə hazırlanan düyü yeməyinin futbolçu üçün xüsusi mənəvi əhəmiyyəti var.
Yamal daha əvvəl “GQ España” jurnalına müsahibəsində anasının ona oyunlardan əvvəl güc toplaması üçün məhz bu yeməyi hazırladığını bildirib.

Futbolçunun aşpazlığa marağı barədə açıqlamaları onun futboldan kənar həyatına həsr olunan sənədli filmdə yer alıb.
Ekran işi Yamalın şəxsi həyatı, ailəsi və böyüdüyü mühitlə yanaşı, onun qol sevinci zamanı göstərdiyi “304” işarəsinin mənasına da toxunur. Bu rəqəm futbolçunun uşaqlığını keçirdiyi Mataro şəhərinin Rokafonda məhəlləsinin poçt indeksinə istinaddır.
Layihənin həmmüəllifi və rejissorlarından biri Xavi Torresin sözlərinə görə, sənədli filmdə irqçilik, miqrasiya, bərabər imkanlar, yeni nəsillərin gələcəyi və Kataloniya cəmiyyətinin mədəni müxtəlifliyi kimi mövzular da əksini tapıb.
