Futbolçuya ölüm arzusuna görə La Liqa araşdırmaya başladı

16 Oktyabr 2026 11:31
80
Futbolçuya ölüm arzusuna görə La Liqa araşdırmaya başladı

İspaniyada “Malaqa” və “Espanyol” futbol komandaları arasında keçirilən qarşılaşmada azarkeşlərin Brayan Saraqosaya qarşı davranışı barədə intizam araşdırmasına başlanılıb.

İdman.Biz “Sportowe Fakty” nəşrinə istinadən xəbər verir ki, La Liqa hadisə ilə bağlı İspaniya Kral Futbol Federasiyasına (RFEF) hesabat təqdim edib.

Doğma şəhəri Malaqada meydana çıxan “Espanyol”un futbolçusu görüşün 13-cü dəqiqəsində qol vuraraq bunu emosional şəkildə qeyd edib. Bundan sonra yerli azarkeşlərin bir qismi ona qarşı təhqiramiz şüarlar səsləndirib.

“La Rosaleda” stadionunda ilk insident 28-ci dəqiqədə qeydə alınıb. Cənub tribunasında yerləşən bir qrup azarkeş təxminən 25 saniyə ərzində “Brayan Saraqosa, öl!” şüarını səsləndirib.

Hadisə 72-ci dəqiqədə, futbolçu əvəzlənərək meydanı tərk edərkən təkrarlanıb. Bu dəfə təhqiramiz şüarlar təxminən 10 saniyə davam edib.

La Liqanın hesabatı əsasında RFEF-in İntizam Komitəsi fövqəladə araşdırmaya başlayıb. Təyin olunan müstəntiq stadionda baş verənlərlə bağlı bütün materialları toplayacaq və mümkün cəza barədə təklif hazırlayacaq.

“Mundo Deportivo”nun məlumatına görə, “Malaqa”nı maliyyə cəriməsi gözləyə bilər. Klubun stadionunun bağlanması ilə bağlı xəbərdarlıq alması da istisna edilmir.

Qeyd edək ki, Malaqada anadan olan Saraqosa yerli klubun əsas komandasında çıxış etməyib. O, karyerası ərzində “Qranada”, “Bavariya”, “Osasuna” və “Selta”nın formasını geyinib.

İdman.Biz