“Mançester Siti”ni avrokuboklardan 10 ilədək uzaqlaşdırılmaq təhlükəsi gözləyir

16 Oktyabr 2026 04:07
113
“Mançester Siti”ni avrokuboklardan 10 ilədək uzaqlaşdırılmaq təhlükəsi gözləyir

“Mançester Siti” futbol klubu maliyyə qaydalarının pozulması ilə bağlı apellyasiya prosesində uğursuzluğa düçar olarsa, yeddi ildən 10 ilədək avrokuboklardan kənarlaşdırıla bilər.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Sezar Auqusto Londonyo sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, İngiltərə klubunun maliyyə pozuntuları ilə bağlı qərar qüvvədə saxlanılarsa, UEFA “şəhərlilər”ə qarşı uzunmüddətli diskvalifikasiya tətbiq edə bilər.

Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”ni 2009–2018-ci illərdə yol verildiyi iddia olunan maliyyə pozuntuları ilə bağlı 115 ittihamın böyük əksəriyyəti üzrə təqsirli hesab edib. Komissiyanın qənaətinə görə, klub gəlirlərini təxminən 830 milyon funt-sterlinq şişirdib, maliyyə hesabatlarındakı ümumi uyğunsuzluqların məbləği isə 900 milyon funt-sterlinqi ötüb.

Xatırladaq ki, 2020-ci ildə İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın maliyyə feyr-pley qaydalarının pozulmasına görə “Mançester Siti”ni iki mövsüm avrokuboklardan uzaqlaşdırmaq qərarını ləğv edib.

İdman.Biz