İnfantinoya qarşı cəbhə genişlənir: gizli rəqib axtarışı və istefa çağırışı

15 Oktyabr 2026 20:58
116
İnfantinoya qarşı cəbhə genişlənir: gizli rəqib axtarışı və istefa çağırışı

FIFA prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilər ərəfəsində ciddi təzyiqlərlə üzləşib. Avropada ona qarşı alternativ namizəd axtarışı aparıldığı bir vaxtda qurumun vitse-prezidenti Debbi Hyuitt də hazırkı rəhbəri sərt tənqid edib.

İdman.Biz “The Telegraph”a istinadən xəbər verir ki, Avropa futbolunun nüfuzlu nümayəndələri İnfantinoya qarşı vahid namizəd irəli sürmək imkanlarını müzakirə edirlər. Mümkün namizədin kimliyi hələlik gizli saxlanılır.

Məlumata görə, alternativ namizədlər arasında “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger, Portuqaliya millisinin keçmiş futbolçusu Luis Fiqu, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və qadın futbol klublarının sahibi Mişel Kanqın adları çəkilir.

Bununla belə, həmin şəxslərdən heç biri seçkilərdə iştirak edəcəyini rəsmən açıqlamayıb.

İnfantinonun mövqeyini çətinləşdirən digər məsələ FIFA turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsi planı ətrafında yaranan narazılıqdır.

FIFA-nın vitse-prezidenti Debbi Hyuitt BBC-yə açıqlamasında qurum rəhbərinin bu məsələ ilə bağlı sualları cavabsız qoymasını tənqid edib.

Onun sözlərinə görə, Sürixdə keçirilən FIFA Şurasının iclasında İnfantino üzr istəsə də, kommersiya hüquqları ilə bağlı planın detalları barədə konkret izahat verməyib.

Şura üzvləri müvafiq sənədlərin niyə təqdim olunmadığını öyrənmək istəsələr də, onlara suallarını yazılı şəkildə göndərmək təklif edilib.

Hyuitt FIFA prezidentinin Şura qarşısında hesabat verməli olduğunu vurğulayıb:

“İnfantino bu suallara cavab verməlidir. Əks halda, o, FIFA prezidenti vəzifəsinə layiq deyil. O, yalnız məsələni Şuranın müzakirəsinə çıxarmadığına görə üzr istədi. Əgər həqiqətən təəssüflənirsinizsə, bunu bizimlə bölüşün”.

“The Telegraph” isə yazır ki, İnfantinoya alternativ namizədin müəyyənləşdirilməsi istiqamətində danışıqlar davam edir. Lakin mümkün namizədin adı və onun seçki yarışına qoşulub-qoşulmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir. Növbəti prezident seçkilərinin 2027-ci ildə keçirilməsi nəzərdə tutulur.

İdman.Biz