İspaniyanın “Betis” klubunun braziliyalı futbolçusu Antoninin evi qarət olunub. Hadisə oktyabrın 14-də futbolçunun UEFA Çempionlar Liqasında “Portu” ilə qarşılaşmada iştirak etdiyi vaxt baş verib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Antoni ailəsinin yaşadığı qorxu və təhlükəsizlik hissinin itirilməsinin maddi ziyandan daha ağır olduğunu vurğulayıb.
“Bu gün burada çox kədərli və hiddətləndirici bir hadisəni bölüşmək istəyirəm. Möhtəşəm olacağına ümid etdiyim gecə qəzəb, kədər və məyusluqla başa çatdı. Evimə girərək oğurluq ediblər.
İnsanların evinə müdaxilə edilməsinin necə hiss olduğunu izah etmək çətindir. Böyük zəhmət, əmək və fədakarlıqla qazandığımız hər şeyin əlimizdən alınması ağırdır. Lakin məni ən çox incidən təkcə maddi itki deyil. Ən təhlükəsiz hiss etməli olduğumuz yerdə artıq özümüzü güvəndə hiss etməməyimizdir. Ailəmə baxanda ən çox sevdiyim insanların gözlərində qorxu və narahatlıq görmək daha ağrılıdır”, - deyə futbolçu bildirib.
Antoni bütün maddi itkilərin zamanla bərpa oluna biləcəyini, lakin ailəsinin rahatlığının onun üçün hər şeydən üstün olduğunu qeyd edib:
“Dünyada heç bir maddi sərvət ailəmin həyatından, rahatlığından və rifahından qiymətli deyil. İtirdiyimiz hər şeyi yenidən əldə edə bilərik. İşləməyə davam edəcəyik, arzularımız yaşayır və irəli getmək istəyimiz dəyişməyib. Əsas olan bu çətin anı birlikdə aşmaq üçün ailəmin yanımda olduğunu bilməkdir”.
Braziliyalı hücumçu açıqlamasının sonunda yaşadığı hadisənin onda dərin iz buraxdığını gizlətməyib:
“Qəzəb və təhlükəsizlik hissinin itirilməsi hələ də davam edir. Amma bir şeyi dəqiq bilirəm: bizim ən böyük sərvətimiz evdəki əşyalar deyil, oranı əsl yuvaya çevirən insanlardır. Həyatda ən böyük uğurum aldığım əşyalar yox, ailəmdir. Onlar üçün hər şeyi sıfırdan başlayıb yenidən qurmağa hazıram”.
Qeyd edək ki, “Betis” Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Portu”nu 3:2 hesabı ilə məğlub edib. Sevilya təmsilçisi 21 ildən sonra turnirdə ilk ev oyununu keçirib.
2025-ci ildə “Mançester Yunayted”dən “Betis”ə keçən Antoni 2026/2027 mövsümündə 10 qarşılaşmada meydana çıxıb və bir məhsuldar ötürmə verib.
