Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya”nın UEFA Konfrans Liqasının liqa mərhələsində Danimarkanın “Midtyulland” klubuna qarşı keçirəcəyi ilk oyunun məkanı dəyişdirilib.
İdman.Biz xəbər verir ki, UEFA Albaniyanın paytaxtı Tiranada davam edən etiraz aksiyaları ilə əlaqədar qarşılaşmanın Elbasan şəhərinə köçürülməsinə qərar verib.
Qərar yerli hakimiyyət orqanları ilə aparılan müzakirələrdən sonra təhlükəsizlik tədbirləri çərçivəsində qəbul olunub. Əvvəlcə Tiranadakı “Arena Kombëtare” stadionunda keçirilməsi planlaşdırılan görüş Elbasan şəhərindəki “Elbasan Arena”da baş tutacaq.
Reuters agentliyinin məlumatına görə, Albaniyada tələbələrin başlatdığı etirazlara ali təhsil müəssisələrindəki şərait, təhsil haqlarının yüksək olması, maliyyə dəstəyinin çatışmazlığı və məzunların iş imkanlarının məhdudluğu səbəb olub.
Ölkədə narazılıqların digər səbəblərindən biri də Albaniyanın cənub sahillərində lüks kurort kompleksinin tikintisi layihəsidir. ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin dəstəklədiyi layihə hüquqi mübahisələrə və ictimai etirazlara səbəb olub.
UEFA-nın qərarına əsasən, qarşılaşmanın başlama vaxtı dəyişməyib. Oktyabrın 15-də keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Azarkeşlərin stadiona buraxılmasına icazə veriləcək.
