“İnter” maliyyə böhranı ilə üzləşə bilər: ulduz futbolçu satılacaq

15 Oktyabr 2026 16:33
92
“İnter” maliyyə böhranı ilə üzləşə bilər:  ulduz futbolçu satılacaq

İtaliyanın “İnter” futbol komandası UEFA Çempionlar Liqasında uğursuz çıxışını davam etdirəcəyi təqdirdə əsas futbolçularından birini satmaq məcburiyyətində qala bilər.

İdman.Biz “Tuttosport”a istinadən xəbər verir ki, klubun sahibi olan “Oaktree” investisiya fondu Çempionlar Liqasında ən azı 1/8 final mərhələsinə yüksəlməyi zəruri hesab edir. Komandanın turnirdən erkən kənarlaşması ciddi maliyyə itkisinə səbəb ola bilər.

Kristian Kivunun rəhbərlik etdiyi “İnter” cari mövsümdə keçirdiyi hər iki qarşılaşmada məğlub olub. İlk oyunda İspaniyanın “Real Madrid” komandasına 1:2 hesabı ilə uduzan Milan təmsilçisi ikinci görüşdə Belçikanın “Brügge” klubuna 3:4 hesabı ilə məğlub olub.

Klubun maliyyə hesabatlarına əsasən, “İnter” ötən mövsüm Çempionlar Liqasından təxminən 74 milyon avro (147 milyon AZN) gəlir əldə edib. Halbuki 2024/2025 mövsümündə finala yüksələn komandanın UEFA-dan qazancı 137 milyon avroya (271 milyon AZN) yaxın olub.

Beləliklə, Avropa turnirindən əldə edilən gəlirlər təxminən 63 milyon avro (125 milyon AZN) azalıb. Bu məbləğə ev oyunlarından əldə edilən gəlirlər daxil deyil.

Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlmək isə kluba əlavə 18-20 milyon avro qazandıra bilər.

Məhz avrokuboklardakı uğurlu çıxışlar “İnter”ə son iki yay transfer dövründə əsas futbolçularını satmadan heyətini qorumaq imkanı yaradıb. Lakin bu mövsüm də uğursuz nəticələr davam edərsə, klubun aparıcı oyunçularından biri ilə vidalaşması qaçılmaz ola bilər. Hazırda “İnter”in aparıcı futbolçuları arasında Lautaro Martines, Nikolo Barella, Markus Türam, Alessandro Bastoni, Federiko Dimarko və Hakan Çalhanoğlu yer alırlar.

Qeyd edək ki, “İnter” Çempionlar Liqasında növbəti oyunlarını “Şaxtyor” (Donetsk), “Feyenoord” və “Ştutqart”a qarşı keçirəcək. Daha sonra komanda “Borussiya” (Dortmund), “Liverpul” və “Slovan”la üz-üzə gələcək.

İdman.Biz