Flik “Barselona”nın qələbəsində erkən qolun rolunu vurğuladı

10 Oktyabr 2026 23:40
97
Flik “Barselona”nın qələbəsində erkən qolun rolunu vurğuladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının səkkizinci turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis erkən qolun komandaya inam verdiyini söyləyib:

“Bu gün ilk qolu mümkün qədər tez vurmaq çox vacib idi. Bu, bizə inam verdi, çünki bir neçə həftəlik fasilədən sonra oynamaq adətən asan olmur. “Xetafe” çox yaxşı müdafiə olunan komanda olsa da, əla oynadıq. Onlar müdafiə baxımından liqanın ən yaxşılarından biridir. Biz də yüksək səviyyədə müdafiə olunduq. Oyuna nəzarət edə bildik.

Bütün futbolçuların yüksək səviyyədə olması çox vacibdir. Bəzi mövqelərdə ən yüksək səviyyəli üç futbolçumuz var. Komandada əla ab-hava hökm sürür, hər kəs komanda üçün oynayır. Nəticədə əsas olan komanda və klubdur”.

Qeyd edək ki, səkkiz oyunda 24 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir. Səkkiz xalı olan “Xetafe” isə 14-cü pillədə qərarlaşıb.

İdman.Biz