Macarıstan klubundan maraqlı addım: heyətə 11 sahibsiz it daxil edildi - FOTO

9 Oktyabr 2026 14:08
92
Macarıstan klubundan maraqlı addım: heyətə 11 sahibsiz it daxil edildi - FOTO

Macarıstanın “Zalaegerszeg” futbol klubu sahibsiz heyvanlara diqqət çəkmək üçün maraqlı təşəbbüslə çıxış edib.

İdman.Biz xəbər verir ki, klub “Nyiregyhaza” ilə qarşılaşma ərəfəsində 11 sahibsiz itin yer aldığı xüsusi “heyət” təqdim edib.

Klubun oktyabrın 3-də rəsmi saytında yaydığı məlumata görə, təşəbbüs Heyvanların Ümumdünya Günü ilə əlaqədardır. Komanda üzvləri və klub əməkdaşları yerli heyvan sığınacağına baş çəkərək orada yaşayan itlərlə vaxt keçiriblər.

“Zalaegerszeg”in təqdim etdiyi xüsusi heyətə sığınacaqda yeni sahibini gözləyən itlər daxil edilib. Klub bu addımla onların sahiblənilməsinə diqqət çəkməyi və heyvanlara qarşı məsuliyyətli münasibəti təşviq etməyi hədəfləyib.

Bundan əlavə, azarkeşlər “Nyiregyhaza” ilə oyun öncəsi stadionda sığınacağın sahiblənilməyi gözləyən sahibsiz itləri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, hazırda “Zalaegerszeg” Macarıstan çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Komanda səkkiz turdan sonra altı xal toplayıb. “Nyiregyhaza” isə səkkiz xalla 10-cu yerdədir. Qarşılaşma oktyabrın 11-də Macarıstan çempionatının doqquzuncu turu çərçivəsində keçiriləcək.

İdman.Biz