“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte London klubunda çalışdığı dövrdə məğlubiyyətlərə münasibətdən danışıb.
İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, 2021-2023-cü illərdə “Tottenhem”ə rəhbərlik edən italiyalı mütəxəssis kluba vəziyyəti yaxşılaşdırmaq üçün getdiyini bildirib. O, həmin vaxt komandanın turnir cədvəlində doqquzuncu pillədə olduğunu və mövsümü “Arsenal”ı qabaqlayaraq dördüncü yerdə başa vurduqlarını xatırladıb.
Konte həmin dövrdə klub prezidenti Deniel Levi ilə yaşadığı bir hadisəni də danışıb:
“Xatırlayıram, biz uduzmuş və ya heç-heçə etmişdik və mən Deniel Leviyə mesaj yazdım. O cavab verdi: “Narahat olma, növbəti dəfə qalib gələcəyik”. Bu sözlər məni dəstəkləmək üçün deyilmişdi. “Bu nə...” - deyə ona təkrar edirdim, - “Özün bax!”
İtaliyalı mütəxəssis futbolçuların çox vaxt daha asan yolu seçdiyini də qeyd edib:
“Futbolçular həmişə ən asan yolu seçirlər. Onlara özlərini rahat hiss etməyə imkan verən və daha az səy tələb edən yolu. Ən çox məni ətrafdakıların: “Tottenhem” heç vaxt heç nə qazanmayacaq”, onların uduzan olması barədə danışmaları əsəbiləşdirirdi.
Onlara istehza edirdilər. Onlara hələ də gülürlər. “Arsenal” “Brayton”a 0:3 hesabı ilə uduzdu və insanlar zarafat edirdilər ki, guya “Arsenal” “Tottenhem”ə çevrilib. İnanın, bu, məni dəhşətli dərəcədə qıcıqlandırırdı”.
