Maduekeyə İtaliya və İspaniyadan təklif: “Arsenal”dakı gələcəyi sual altındadır

5 Oktyabr 2026 23:57
86
Maduekeyə İtaliya və İspaniyadan təklif: “Arsenal”dakı gələcəyi sual altındadır

“Arsenal”ın futbolçusu Noni Madueke “Atletiko” və “Yuventus”un maraq dairəsinə düşüb.

İdman.Biz “The Daily Telegraph”a istinadən xəbər verir ki, Madrid və Turin klublarının 24 yaşlı futbolçunu uzun müddətdir izləyir. Maduekenin “Arsenal”da oyun vaxtının azalması potensial iddiaçıların qış transfer pəncərəsi öncəsi marağını artırıb.

İngiltərəli futbolçu cari mövsümdə Premyer Liqada “Arsenal”ın start heyətində meydana çıxmayıb. O, yalnız İngiltərə Superkuboku və Liqa Kubokunda ilk dəqiqələrdən oynayıb.

Bildirilir ki, Maduekenin yanvar ayında karyerasını davam etdirməsi üçün mümkün variantlardan biri icarə ola bilər.

Bununla belə, vinger uğrunda mübarizənin yalnız “Atletiko” və “Yuventus” arasında gedəcəyi gözlənilmir. Digər klubların da futbolçunun vəziyyətini izlədiyi qeyd olunur.

Oyun praktikasının azlığı Maduekenin İngiltərə millisindəki mövqeyinə də təsir edib. Baş məşqçi Tomas Tuxel onu Millətlər Liqasının yeni mövsümünün ilk matçlarına dəvət etməyib. Bununla belə, yığmanın məşqçilər korpusu futbolçunun fərdi mübarizələrdəki bacarığını yüksək qiymətləndirir.

Madueke ötən yay dünya çempionatında İngiltərə millisinin heyətində 5 matçda iştirak edib. O, Norveçlə 1/4 final qarşılaşmasında start heyətində yer alıb.

24 yaşlı futbolçu 2025-ci ilin yayında “Çelsi”dən “Arsenal”a keçib. O, daha əvvəl PSV-də də çıxış edib.

İdman.Biz